MƏDƏNİYYƏT
Mədəniyyət naziri ilə ICESCO-nun baş direktoru arasında onlayn görüş keçirilib
![Mədəniyyət naziri ilə ICESCO-nun baş direktoru arasında onlayn görüş keçirilib](/files/2020/1/1200x630/1587732755779547317_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Mədəniyyət naziri Əbülfəs Qarayevlə ICESCO-nun baş direktoru Salim Al-Malik arasında onlayn görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ICESCO ilə Azərbaycan arasındakı mövcud əlaqələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Salim Al-Malik COVID-19 pandemiyası ilə mübarizə dövründə təşkilatın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, ICESCO tərəfindən pandemiyaya qarşı mübarizə ilə bağlı müsabiqələr elan olunub. Həmçinin “ICESCO rəqəmsal evi” təşəbbüsü və bu təşəbbüs çərçivəsində həyata keçirilən “Distant mədəniyyət” proqramı kimi layihələr irəli sürülüb.
Baş direktor hazırda qurumun pandemiyaya qarşı mübarizə məqsədilə beynəlxalq koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. O, Azərbaycan tərəfindən də bu təşəbbüsə dəstək göstəriləcəyinə ümidvar olduğunu deyib.
Nazir Əbülfəs Qarayev təşkilatın təşəbbüslərini alqışladığını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən də mövcud vəziyyətlə əlaqədar bir sıra layihələrin həyata keçirildiyini, həmçinin ICESCO-nun proqram və layihələrinin də Azərbaycanda geniş şəkildə təqdim olunduğunu diqqətə çatdırıb. Nazir təşkilatın beynəlxalq koalisiyanın yaradılması ilə bağlı təşəbbüsünün rəsmi şəkildə təqdim edildikdən sonra Azərbaycan tərəfindən bu məsələyə baxıla biləcəyini qeyd edib.
Görüşdə, həmçinin “Bakı Prosesi”nin əhəmiyyəti və perspektivləri müzakirə edilib və gələcəkdə ICESCO-ya üzv ölkələr arasında onlayn platformaların genişləndirilməsi barədə razılığa gəlinib.