Mədəniyyət Nazirliyinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
Siyəzən,13 mart, Elxan Yusifli, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 13-də Mədəniyyət naziri Əbülfəs Qarayev Siyəzən rayonunda vətəndaşlarla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Siyəzən və Şabran rayonundan olan vətəndaşların müraciətləri dinlənilib.
Görüşdə “YARAT” Müasir İncəsənət Məkanının səyyar sərgisinin Siyəzəndə təşkili, Xalq teatrı tamaşalarının bölgələrdə nümayişi və aktyorların səhnə geyimləri ilə təmin olunması, Pirəbədil kəndində xalça festivalının keçirilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Şabran rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi, eləcə də muzey əməkdaşlarının bölgədə aparılan arxeoloji qazıntılarda iştirakının təmin olunması ilə bağlı müraciətlər səsləndirilib.
Qəbulda, həmçinin Siyəzən şəhər Uşaq İncəsənət Məktəbinin 30 illik yubileyinin qeyd edilməsi və məktəbə musiqi alətlərinin verilməsi, Şabran şəhərində Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikilməsi, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər edilib.
Həmin gün Mədəniyyət nazirin birinci müavini Vaqif Əliyev Qubadakı Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonundan olan sakinlərin müraciətlərini dinləyib. Görüşdə Qusar rayon Dövlət Rəsm Qalereyasının nəzdində sənətkarlıq məhsullarının satışı köşkünün yaradılması, “Könüllülər teatrı” üçün səhnə geyimlərinin verilməsi, Qusar rayon Mərkəzi Kitabxanasının 90 illiyinin keçirilməsi, Qubada etnoqrafiya muzeyinin yaradılması, Amsar-Qışlaq kəndində kitabxananın bərpa edilməsi ilə bağlı məsələlər səsləndirilib.
Vətəndaşlar, eyni zamanda, Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının yenidən qurulması, Amsar kənd kitabxanasına görkəmli mütəfəkkir Abbasqulu ağa Bakıxanovun adının verilməsi, Qusar rayon Əniq kənd məscidinin bərpa olunması, Quba şəhər Uşaq İncəsənət Məktəbinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir müavini Rafiq Bayramov isə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində vətəndaşlarla görüşüb. Qəbulda vətəndaşlar tərəfindən Xaçmaz Xalq Teatrına səhnə geyimlərinin və rekvizitlərin verilməsi, kitabxana menecmenti və marketinqi üzrə treninqlərin təşkili, işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə klub müəssisələrində profillər üzrə treninqlərin keçirilməsi, kənd kitabxana filiallarının telefon və internetlə təmin olunması, könüllülər mərkəzinin yaradılması, Xaçmazın tarixi məkanlarına mədəni marşrutların təşkil olunmasını diqqətə çatdırıblar.
Görüşdə, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin regionda görüşlərinin keçirilməsi, regionda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində tarix dərslərinin təşkili, Xaçmaz rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinə rus dilində ədəbiyyatın verilməsi ilə bağlı təkliflər səsləndirilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Nazir bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verib.