CƏMİYYƏT
Media və QHT-lərin nümayəndələri kriminalistik texnika ilə tanış olublar
Bakı, 14 sentyabr, AZƏRTAC
Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü, habelə ictimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, sentyabrın 14-də növbəti “Açıq qapı günü” təşkil edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şəki Rayon Prokurorluğunun yeni istifadəyə verilmiş inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.
Bildirilib ki, müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunmuş inzibati binada prokurorluğun bütün fəaliyyət istiqamətlərini vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya-Kommunikasiya Sisteminin quraşdırılması təmin edilib. Həmçinin bina modern avadanlıqlar, kommunikasiya sistemləri, IP-telefoniya qurğuları və digər texniki cihazlarla təchiz olunub.
Tədbir zamanı Şəki Rayon Prokuroru Mehman Xankişiyev, Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov, rayon prokurorluğunun böyük müstəntiqi Abbas Qarayev, prokuror köməkçisi Amil Yaqubov və qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıblar.
İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani tanış olub, onlara “Elektron Prokurorluq” informasiya sistemi nümayiş etdirilib.
Daha sonra ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısametrajlı film təqdim olunub.