MƏHSUL İSTEHSALI ARTIR
Nazir bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar müvəffəqiyyətlə həyata keçirilir və öz bəhrəsini verir. 1995-ci ildən başlayaraq, kənd təsərrüfatı məhsulları istehsalının həcmi ildən-ilə artmaqdadır. Ötən il bu artım 7,5 faiz olmuşdur. Cari ildə də sevindirici göstəriciyə nail olunacağı proqnozlaşdırılır.
Nazir qeyd etmişdir ki, ölkəmizin Prezidenti İlham Əliyev qeyri-neft bölməsinin, o cümlədən, aqrar sahənin inkişaf etdirilməsinə daim qayğı göstərir. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin təşkili texnikanın, gübrələrin fermerlərimizə və sahibkarlarımıza güzəştli şərtlərlə verilməsinə imkan yaradacaq, beləliklə, kənd təsərrüfatı məhsulları istehsalının həcmi artacaq və nəticədə emal sənayesi ilə məşğul olan müəssisələrin, tədarük, topdansatış bazalarının sayı çoxalacaq və aqrar sahənin daha sürətlə inkişaf etməsinə şərait yaranacaqdır.
Mayın 24-də Bakıda açılmış 12-ci Azərbaycan Beynəlxalq qida sənayesi sərgisini xatırladan nazir, belə sərgilərdə iştirak edən Azərbaycan şirkətlərinin sayının getdikcə artmasını sevindirici hal kimi qeyd etmişdir.
İ.Abasov dövlətimizin həyata keçirdiyi uğurlu neft strategiyasından, neft və qaz ixrac kəmərlərinin fəaliyyətə başlaması sayəsində əldə ediləcək böyük miqdarda vəsaitlərdən aqrar bölmənin inkişafına da sərmayə yönəldiləcəyindən, kənd təsərrüfatı məhsulları istehsalı həcminin artırılmasında yeni toxum növlərinin yetişdirilməsinin vacibliyindən, taxıl ehtiyatının təmin olunması məqsədilə taxıl fondunun yaradılması zərurətindən bəhs etmişdir.
Axırda nazir jurnalistlərin suallarına cavab vermişdir.