“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna dəyişiklik edilir
Bakı, 30 oktyabr, AZƏRTAC
“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin oktyabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarından istifadə, habelə bu hüquqların və azadlıqların dövlət təminatı ilə bağlı olan məsələlər qanunla tənzimlənir. Bu xüsusda “Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsində təklif edilən dəyişiklik qeyd olunan prosedurun Qanunda təsbit olunmasını nəzərdə tutur.
"Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq olunub. Hazırda bu prosedur məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydasına uyğun həyata keçirilir.
Layihədə Qanunun 9-cu maddəsi (məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrinə dair qərar) yeni redaksiyada verilmiş və məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı qeyd olunub. Belə ki, Qanun layihəsində məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin edilməsi, eyni zamanda, məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda verilən qərarlar öz əksini tapıb.