MEK əməkdaşlarının azərbaycandilli “Vikipediya”ya töhfəsi
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanla bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında mətbuat, sosial şəbəkələrlə yanaşı, “Vikipediya” elektron ensiklopediyasının rolu əvəzsizdir. İnternet resurslarının inkişafı Azərbaycanda da bu sahədə peşəkar fəaliyyətin önə çıxmasını şərtləndirib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən Elektron resurslar şöbəsi də işini elektron resursları üzərində qurub, təminatı üzrə ixtisaslaşaraq kitabxananın bu formatda olan materialları üzərində işləyir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, hazırda 329 dildə fəaliyyət göstərən onlayn ensiklopediya arasında azərbaycandilli “Vikipediya”nın öz mövqeyini 54-cü yerdə saxlamasında bu sahənin könüllüləri ilə yanaşı, sözügedən şöbənin əməkdaşlarının da töhfələri əvəzsizdir.
Ötən il ölkədə elan olunan “Şuşa İli” Elektron resurslar şöbəsinin vikipediyaçılarına Qarabağ, Şuşa ilə bağlı gerçəklərin dünyaya tanıdılmasına böyük imkan yaratdı. Onlar bu istiqamətdə Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr apararaq çoxsaylı məqalələr yaradıblar. 2022-ci il ərzində Şuşa şəhərinin tarixi, mədəniyyəti, musiqisi, ədəbi mühiti, memarlıq abidələri, ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri, təbiəti və s. barədə 120-dən artıq məqalə yaradılıb, əsaslı redaktə edilib, həmçinin Şuşaya aid mövcud məqalələr yenilənib və yaxud zənginləşdirilib. Şuşada çəkilmiş 173 şəklin “Vikianbar”da yerləşdirilməsi şöbənin fəaliyyətində təqdir olunan böyük işlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə bağlı imzaladığı Sərəncam Elektron resurslar şöbəsinin fəaliyyətinə də təsirsiz ötüşmədi. Ulu Öndərin Azərbaycanın inkişafı naminə iqtisadi, siyasi, ədəbi sahədə imza atdığı yüzlərlə layihə və işlər barədə yaradılmış məqalələr əsaslı redaktə olundu, o cümlədən yeni məqalələr yaradıldı. Hazırda şöbə “Heydər Əliyev İli” münasibətilə elektron ensiklopediyada “Heydər Əliyev barədə 100 məqalə” layihəsini yekunlaşdırmaq üzrədir. Eləcə də ilin sonlarına doğru “Türkiyə Cümhuriyyətinin 100 illiyinə 100+ məqalə” layihəsini də gerçəkləşdirmək prioritet istiqamətlərdən biridir.
Bundan əlavə, gənclərə “Vikipediya” haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq məqsədilə şöbənin təlimçi-ekspertləri tərəfindən mütəmadi olaraq AMEA-nın institutları, müxtəlif təşkilatlar və fərdi şəxslər üçün ödənişsiz təlimlər həyata keçirilir.