Məktəb-liseydə Ulu Öndərə həsr olunmuş tədbir
Bakı, 18 yanvar, AZƏRTAC
Paytaxtdakı 299 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb-liseyin direktoru Solmaz Kazımova Ümummilli Liderin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi qayğı və diqqətindən söz açıb.
BŞTİ-nin müdiri M.Vəliyeva dövlət başçımızın müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətindən danışıb. O, “Heydər Əliyev İli”nin Azərbaycan təhsili və məktəbi qarşısında qoyduğu vəzifələri qeyd edib. Vurğulayıb ki, şagirdlər “Heydər Əliyev İli”nə öz töhfələrini verməklə bərabər, həm də bu çərçivədə həyata keçiriləcək tədbirlər, layihələr müdrik şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsinə çevriləcək.
Milli Məclisin deputatı Qənirə Paşayeva Ümummilli Liderin bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına göstərdiyi xüsusi qayğıdan danışıb. Bildirib ki, “Heydər Əliyev İli” misilsiz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlını, Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından yaradılmış bir fürsət və imkandır.
Daha sonra Q.Paşayeva şagirdlərə müxtəlif kitablar hədiyyə edib.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.