“Məktəbimizdə” fotorubrikası Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə həsr edilib
Bakı, 26 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki fotorubrika Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə həsr edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hazırda mərkəzdə 71 qrupda 1065 şagird təhsil alır.
Cari dərs ilində mərkəzdə bədii qiraət, rəsm, kompüter, musiqi, rəqs, ingilis dili, rus dili, tarix-diyarşünaslıq, gənc riyaziyyatçılar, dram, təyyarə modelçiliyi, gəmi modelçiliyi, bacarıqlı əllər, dərzilik, milli mətbəximiz, gənc ekoloqlar, əhali və ətraf mühit, güllərin sirri, otaq bilikləri olmaqla ümumilikdə 21 dərnək fəaliyyət göstərir.
Mərkəzdə uşaq və yeniyetmələrin asudə vaxtının daha səmərəli təşkilinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərilir. Dərnək üzvləri iştirak etdikləri müsabiqələrdə uğurlu nəticə əldə edib, müxtəlif mükafatlara layiq görülüblər.