Məktəblilər arasında “Ekoerudit” ekoloji breyn-rinq yarışması keçirilir
Bakı, 23 yanvar (AZƏRTAC). “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə 2012/2013-cü tədris ili üzrə respublika məktəblilərinin “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışına başlanmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsbət ənənəyə çevrilmiş və dəfələrlə Bakı şəhəri üzrə keçirilmiş bu yarışların miqyası artıq bütün respublikanı əhatə etmişdir. Yarışın məqsədi məktəblilərin ekoloji dünyagörüşünün, ətraf mühitə şüurlu münasibətinin formalaşdırılması və ekoloji mədəniyyətin tərbiyə edilməsidir. “Ekoerudit” breyn-rinqin təsdiq olunmuş əsasnaməsinə görə, yarışlar orta ümumtəhsil və internat məktəblərində, liseylərdə təbiət fənlərinin, məktəbdənkənar müəssisələrin ekoloji dərnəklərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular üzrə VIII-XI sinif şagirdləri və müvafiq dərnəklərin üzvlərinin iştirakı ilə 3 mərhələdə nəzərdə tutulmuşdur. Birinci mərhələ cari ilin yanvar-fevral aylarında rayon və şəhər ümumtəhsil məktəbləri arasında, ikinci mərhələ mart ayında zonalar üzrə, üçüncü mərhələ - ümumrespublika yarışı isə aprel ayında Bakı şəhərində keçiriləcəkdir. Yarışların bütün mərhələlərində 5 şagirddən ibarət komandalar mübarizə aparacaqlar. Rayon və ya şəhər üzrə yarışmada qalib gələn bir komanda zona üzrə, zona qalibləri isə ümumrespublika üzrə bilik yarışında iştirak etmək hüququ qazanacaqdır.