Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilir.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə 1000-ə yaxın şagird iştirak edib.
Tədbir çərçivəsində şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, habelə əmək fəaliyyətinə dair hüquq və vəzifələr barədə məlumat verilib. Eyni zamanda, yeni qəbul olunmuş standartlar və təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələlərinə toxunulub.
Bildirilib ki, əməyin mühafizəsi qaydalarına əməl olunması sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.