Məktəblilər yanğınsöndürənlərin işi ilə tanış olublar
Bakı, 29 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsində “Açıq qapı” günü tədbiri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin şagird və müəllimlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı” günü tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.