Melioratorlar kənd təsərrüfatı işçiləri ilə birlikdə məhsuldarlığın əldə olunmasına çalışacaqlar
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də payızlıq əkinlərin suvarılmasında yaranan problemlərin həlli yollarına həsr olunmuş videokonfrans keçirilib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə keçən iclasda sədr müavinləri Rafiq Aslanov, Zakir Quliyev, aparatın işçiləri, yerli istismar idarələri, həmçinin Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və nazirliyin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev iştirak ediblər.
Videokonfransda pambıq bitikisinin son suvarma vegitasiyasından, payızlıq əkinlərin suvarılmasından danışılıb.
Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaş kimi, melioratorları da sevindirir. “Qarşımızda duran əsas vəzifələrdən biri də işğaldan azad olunan ərazilərimizdə meliorativ tədbirlərin görülməsinə indidən hazırlaşmaqdır. Dövlətimizin başçısının da dediyi kimi, ərazilərimizin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bütün torpaqlarımızda məhsuldarlığın əldə olunmasına çalışmalıyıq”, - deyə ASC sədri əlavə edib.
Videokonfransda, yerli istismar idarələrindəki mövcud vəziyyətdən, sudan səmərəli istifadə olunmasından, su qrafikinin tətbiqindən də bəhs olunub.
Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq bu il payızlıq əkinlərin suvarılması zamanı Kənd Təsərrüfatı Nazirliyinin rayondakı nümayəndəlikləri ilə birlikdə sudan səmərəli istifadə olunmalıdır. Suvarmadakı çətinlikləri azaltmaq, bol məhsul əldə etmək üçün subartezian quyularından və nasoslardan maksimum istifadə edilməli, texniki problemlər dərhal aradan qaldırılmalıdır.
Həmçinin payızlıq əkinlər arasında mühüm yer tutan taxılın suvarılmasında qarşıya çıxan problemlər də müzakirə edilib.
Sonda ASC-nin yerli idarələrinin qarşılaşdıqları problemlərin həlli yollarından bəhs olunub, bununla bağlı yerlərə nümayəndələrin göndəriləcəyi və lazımi tədbirlərin görüləcəyi barədə məlumat verilib.