“Mercedes”də Luis Hemiltonun ad gününü qeyd ediblər
Bakı, 8 yanvar, AZƏRTAC
Formula 1 çempionatının “Mercedes” komandası Luis Hemiltonu ad günü münasibətilə təbrik edib. Yanvarın 7-də 39 yaşı tamam olan pilot hələ də qibtə ediləcək formadadır, bunu onun ötənilki nəticələri təsdiq edir. O, 2023-cü ildə şəxsi hesabda üçüncü yeri tutub. Baxmayaraq ki, W14 nə xüsusi sürəti ilə, nə də trasda hansısa proqnozlaşdırıla bilən davranışı ilə fərqlənirdi. Luis bu maşından xoşu gəlmədiyini gizlətmirdi.
Aşkardır ki, Hemiltona görə üçüncü nəticə elə-belə nailiyyətdir. Ötən mövsüm də onun bir qələbə belə qazanmadığı mövsüm oldu. Lakin o, podiuma 6 dəfə qalxdı. Əslində 7 dəfə, ancaq Ostində onu diskvalifikasiya etdilər, bu isə bir başqa mövzudur.
AZƏRTAC “f1news.ru” saytına istinadla xəbər verir ki, komanda Luis üçün xüsusi açıqca hazırlayıb. Onun içərisindəki obrazlı şərhlərdə təxminən bu sözlər yazılıb: “O, yeddiqat dünya çempionudur. O, öz oyun qaydalarını hazırlayan və dəyişikliklərə çağırandır. Onun üçün kral ləyaqəti xarakterikdir. Ad günün mübarək, ser Luis Hemilton!”.
Sözsüz ki, “McLaren” komandası da kənarda qalmayıb. Luis Formula 1 karyerasına bu komandada başlayıb və 2007-ci il çempionatında debüt edərək vitse-çempion adını qazanıb.
“McLaren” dünya çempionatı traslarında ilk qələbələrini və ilk titulunu qazandığı həmin dövrlərə aid fotolardan seçmələri paylaşıb. Əlbəttə, şəkillər bu kimi səmimi diləklərlə tamamlanıb: “Doğum günün mübarək, yeddiqat dünya çempionu! Xatirələrə görə sağ ol! Ser Luis, bu günün gözəl olsun!”.