MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI PREZİDENTİN SƏRƏNCAMINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏRİ HƏYATA KEÇİRİR
“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamın və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirlməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamın Prezident İlham Əliyevin seçkilərin azad, demokratik və şəffaf keçirilməsi ilə bağlı siyasi iradəsini əks etdirdiyini bildirən M.Pənahov, bu sənədlərin həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
MSK sədri demişdir ki, Sərəncamlardan irəli gələn vəzifələrin həlli istiqamətində artıq genişmiqyaslı işlər görülməyə başlanmışdır. Belə ki, komissiya barmaqların mürəkkəblə işarələnməsi üçün müvafiq təlimat hazırlamışdır və oktyabrın 29-da MSK-nın növbəti iclasında müzakirə olunaraq təsdiq ediləcəkdir.
Prezident İlham Əliyevin Gürcüstan Prezdenti Mixail Saarkaşvili ilə telefon danışığından sonra əldə olunmuş razılığa əsasən, Gürcüstan Mərkəzi Seçki Komissiyası Azərbaycana 3000 balon mürəkkəb və barmaq izlərini oxumaq üçün bir o qədər də cihaz vermişdir. Seçkilərdə təqribən 5500 balon mürəkkəb və cihaz lazım olduğunu diqqətə çatdıran komissiya sədri bildirdi ki, qalan mürəkkəb balonlarının və cihazların alınması üçün MSK Danimarka ilə danışıqlara başlamışdır. Əldə olunmuş razılığa əsasən, mürəkkəb balonları və cihazlar oktyabrın 31-də ölkəmizə gətiriləcəkdir.
Səsvermə günü barmaqların görünməyən mürəkkəblə işarələnməsi və yoxlanılması qaydalarına toxunan M.Pənahov demişdir ki, seçki günü məntəqə seçki komissiyasının üzvlərindən biri seçiciyə bülleten verməzdən əvvəl onun sol əlinin baş barmağının dırnağının ətlə birləşən hissəsini mürəkkəblə işarələyəcəkdir. Məntəqə seçki komissiyasının üzvlərindən biri isə qapıdan içəri girən seçicilərin barmaqlarının həmin hissəsini müvafiq cihazla yoxlayacaqdır. Əgər müəyyən olunsa ki, seçicinin barmağı mürəkkəblə işarələnib, ondan məntəqədən uzaqlaşmaq tələb olunacaqdır. Barmaqların mürəkkəblə işarələnməsi və yoxlanılması prosesini bütün yerli və beynəlxalq müşahidəçilər izləyə biləcəklər.
MSK qərara almışdır ki, 500 nəfərədək seçicisi olan məntəqələr 1 ədəd, 500-dən 1000-dək seçicisi olan məntəqələrə 2 ədəd, 1000-dən 1500-dək seçicisi olan məntəqələrə isə 3 ədəd mürəkkəb balonu verilsin. Bundan əlavə, məntəqələr ehtiyat cihaz və batareyalarla da təmin olunacaqdır.
Barmaqların mürəkkəblə işarələnməsi təcrübəsinin ölkəmizdə ilk dəfə həyata keçirildiyini nəzərə alaraq, MSK oktyabrın 30-da dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə keçirəcək və onlara proses barədə ətraflı məlumat veriləcəkdir. Bundan sonra isə DSK-larda məntəqə seçki komissiyalarının üzvləri üçün müvafiq seminar-müşavirələr təşkil ediləcəkdir.
M.Pənahov dövlət başçısının 2005-ci il 25 oktyabr tarixli Sərəncamında MSK-ya aid digər məsələlərin həlli istiqamətində də müvafiq iş aparıldığını bildirmişdir.