MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR-MÜŞAVİRƏ
Seminar-müşavirəni Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 19-da Milli Məclisə şeçkilərin təyin edilməsi haqqında Sərəncamını xatırladan MSK sədri Komissiyanın bu məsələ ilə bağlı təqvim planı hazırlayıb təsdiqlədiyini bildirmiş və görüləcək tədbirlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyasının sədri qeyd etmişdir ki, 2003-cü il oktyabrın 15-də prezident seçkiləri ərəfəsində qəbul edilmiş Seçki Məcəlləsinin Milli Məclisə seçkilərlə bağlı müddəaları ilk dəfədir ki, tətbiq olunur.
Seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədi ilə keçirilən seminar və treninqlərin əhəmiyyətindən danışan M.Pənahov bu seminarın da həmin silsilədən olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, bu sahədə ötən seçkilərdə topladığımız təcrübə beynəlxalq qurumlar və Qərb dövlətləri tərəfindən təqdir olunur.
Mərkəzi Secki Komissiyasının sədri bildirmişdir ki, seçki komissiyaları seçki qanunvericiliyini düzgün icra etməlidirlər. Seçki komissiyalarının atdığı bütün addımlar qanuni olmalıdır.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrlərinə tapşırıqlar vermişdir. O bildirmişdir ki, dairələrdə namizədlərin qeydə alınması mərhələsində süründürməçiliyə yol verilməməli, vətəndaşların seçmək və seçilmək hüququ tam təmin olunmalıdır. Bundan başqa, dairə seçki komissiyaları vətəndaşların müraciətlərinə biganə qalmamalı, onların ərizə və müraciətləri qanun çərçivəsində, lazımi şəkildə cavablandırılmalıdır.
Komissiya sədrinin çıxışından sonra Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucov, Yusif Bağırzadə və Ramiz İbrahimov Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə deputatlığa namizədlərin irəli sürülməsi və namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun seçki fondu mövzularında məruzələrlə çıxış etmişlər.
Məruzələrdən sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallara cavablar verilmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti