Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın yanvarın 29-da və 30-da keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Sonra fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Daha sonra iclasda Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərlə bağlı aparılan geniş müzakirələrdən sonra bir namizədin qeydə alınmasına dair müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilərək, namizədə verilmiş vəsiqə etibarsız hesab olunub.
Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda seçkilərlə bağlı cari məsələlərə də baxılıb.