MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə komissiyanın sədri Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli Sərəncamının müstəsna əhəmiyyətindən danışmış, bu sənədin şəffaf və demokratik seçkilər keçirilməsi ilə bağlı görülən işlərin daha da intensivləşdirilməsi istiqamətində atılan mühüm addım olduğunu bildirmişdir. O, bu Sərəncamla bağlı Mərkəzi Seçki Komissiyasının təxirəsalınmaz tədbirlər həyata keçirməli olduğunu vurğulayaraq, komissiyanın qarşısında duran vəzifələrdən danışmışdır. Komissiyanın digər üzvləri də MSK sədrinin fikirlərini bəyəndiklərini bildirmiş və Prezidentin Sərəncamını yüksək dəyərləndirmişlər.
Sonra MSK katibi Natiq Məmmədov Milli Məclisə seçkilərdə mürəkkəbdən istifadə edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə mürəkkəbdən istifadə olunmasına dair qərar qəbul etmişdir.
MSK katibi Vidadi Mahmudov məntəqə və dairə seçki komissiyalarına təyin olunmuş məşvərətçi səs hüquqlu üzvlərin vəsiqəsinin nümunəsinin təsdiq edilməsi barədə məlumat vermişdir. Komissiya həmin sənədin nümunəsini təsdiq etmişdir.
Daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılmışdır. MSK 31 saylı Suraxanı ikinci, 33 saylı Xətai birinci, 68 saylı Cəlilabad kənd və 78 saylı Lerik-Lənkəran seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair qərarlar çıxarmışdır.
MSK-ya daxil olmuş müraciətlər müzakirə edilmiş və onların ikisi araşdırılmaq üçün respublika Baş Prokurorluğuna göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.