MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ TAM TƏRKİBİ TƏKRAR SEÇKİLƏRDƏN SONRA FORMALAŞDIRILACAQDIR
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, parlamentdə Mərkəzi Seçki Komissiyasının hələlik 13 nəfər üzvünün təsdiq edilməsi müsbət addımdır. Birincisi ona görə ki, azı 12 üzv seçildikdən sonra Mərkəzi Seçki Komissiyası səlahiyyətli olur və fəaliyyətə başlaya bilər. Digər tərəfdən MSK-nın, eləcə də AŞPA-dakı nümayəndə heyətinin tam tərkibinin mayda keçiriləcək təkrar seçkilərdən sonra formalaşdırılması özlüyündə demokratik addımdır. AŞPA-dakı nümayəndə heyətində 2 vakant yer qalıb və bizim bu yerləri müxalifətdən olacaq deputatlara vermək fikrimiz beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanmışdır. Bunlar, eləcə də təkrar seçkilərin yüksək səviyyədə, demokratik, şəffaf və ədalətli keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki imicinə olduqca müsbət təsir göstərəcəkdir.
Azərbaycan nümayəndə heyəti buna əmindir və bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.