MƏRKƏZİ SEÇKI KOMİSSYASINDA MÜŞAVİRƏ KEÇIRİLMİŞDİR
Tədbiri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açaraq, Prezidentin məlum Sərəncamının tələblərini bir daha seminar–müşavirə iştirakçılrının nəzərinə çatdırmış və bu sənədlə seçki komissiyalarının üzərinə qoyulan vəzifələrdən söz açmışdır. Sərəncamı müstəsna əhəmiyyətə malik sənəd adlandıran MSK sədri qeyd etmişdir ki, ölkəmizin Prezidenti bu Sərəncamı imzalamaqla demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi ilə bağlı mövqeyini bir daha ortaya qoymuşdur. Mərkəzi Seçki Komissiyasının bütün üzvləri Sərəncamı yüksək qiymətləndirmişlər. Bu Sərəncam istər ölkə ictimaiyyətində, istərsə də beynəlxalq ictimaiyyətdə Milli Məclisə seçkilərin demokratik keçiriləcəyi ilə bağlı olan cüzi şübhələri də aradan qaldırmışdır. Dövlətimizin başçısının Sərəncamında qeyd olunduğu kimi, bəzi problemlər var idi. Çalışmaq lazımdır ki, səsvermə gününə kimi heç bir problem qalmasın. Səsvermə günü seçki məntəqələri səsverməyə tam hazır vəziyyətdə olmalıdır.
M.Pənahov seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi məsələsinin üzərində xüsusi dayanmışdır. Sədr Sərəncamın imzalandığı günün sabahısı Mərkəzi Seçki Komissiyasının bu təcrübədən istifadə olunmasına dair qərar verdiyini və oktyabrın 29-da keçirilən iclasında isə səsvermə günü seçki bülletenlərini alan zaman seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimatı təsdiq etdiyini bildirmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov “Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçiriləcək seçkilərdə səsvermə günü seçki bülletenlərini alan zaman seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimat”ın müddəaları barədə məlumat vermişdir. Ultrabənövşəyi lampa və çiləyicisi olan mürəkkəb balonundan istifadə olunmsı qaydaları bir neçə dəfə əyani nümayiş etdirilmişdir.
Komissiyanın digər katibi Natiq Məmmədov dövlətimizin başçısının məlum Sərəncamında nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən çox olan qeyri-hökumət təşkilatlarının müşahidəçiliyi və şikayətlərə baxılma qaydaları haqqında əks olunan məsələlərdən danışmışdır.
Sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yekun nitqi söyləmiş və seçki komissiyalarına uğurlar arzulamışdır.
Seminar-müşavirədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının, ABŞ Beynəlxalq Yardım Agentliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri də iştirak etmişlər.