İQTİSADİYYAT
Metrologiya İnstitutunda yeni yaradılan etalon laboratoriyaların sayı 20-yə çatdırılacaq
![Metrologiya İnstitutunda yeni yaradılan etalon laboratoriyaların sayı 20-yə çatdırılacaq](/files/2023/3/1200x630/16970238364942823794_1200x630.jpeg)
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yeni yaradılan etalon laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Dövlət Xidmətinin rəisi qeyd edib ki, ötən il sentyabrın 30-da AzMİ ilə TÜBİTAK ÜME (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu) arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Eyni zamanda, 2021-ci il fevralın 19-da Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Komissiyanın iclasında qəbul olunmuş Fəaliyyət Planında TÜBİTAK UME tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 27 laboratoriyanın qurulmasına dair təklif yer almış və həmin laboratoriyaların qurulması istiqamətində fəaliyyətə başlanılıb.
Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu çərçivəsində Türkiyə Akkreditasiya Qurumu (TürkAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Anlaşma Memorandumu da imzalanıb. Anlaşma çərçivəsində TürkAK tərəfindən AzAK-ın ILAC-a (Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı Təşkilatı) tam həqiqi üzv olması məqsədi ilə texniki yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulub.