MİCROSOFT KORPORASİYASI BAKIDA RƏSMİ NÜMAYƏNDƏLİYİNİ AÇMIŞDIR
Microsoftun öz proqramlarının tətbiqinə Cənubi Qafqazda birinci olaraq Azərbaycanda başlamasının ölkəmizin nüfuzunun yüksəlməsinə, intellektual mülkiyyətinin qorunmasına, elmin, təhsilin, rabitə texnologiyalarının daha sürətli inkişafına, ölkəmizin Avropa və dünya informasiya məkanına inteqrasiyasının miqyasına kömək edəcəyi vurğulanmışdır. Çıxışlarda Microsoftun proqramlarının Azərbaycan dilində lokallaşdırılmasına, dilimizin zənginliyindən bacarıqla istifadə etməklə, elektronika sisteminə uyğunlaşdırılmasına başlandığı da diqqətə çatdırılmışdır.
Natiqlər korporasiyanın rəhbəri Bil Geytsin nəinki dünyanın ən varlı, həm də ən xeyirxah insanlarından biri olmasını xatırladaraq, Microsoftun ölkəmizin ağrılı sosial problemlərinin həllinə də yardımçı olacağına inamlarını ifadə etmişlər.
Korporasiyanın rəhbərləri 1997-ci ildən əməkdaşlıq etdikləri azərbaycanlı tərəfdaşlarından razılıqlarını bildirmiş, ölkəmizdə qəbul edilmiş informasiya-kommunikasiya texnologiyaları üzrə Dövlət Proqramının uğurla həyata keçirilməsində Azərbaycan hökumətinə fəal yardım göstərəcəklərini vəd etmişlər.
Rəsmi açılış mərasiminin iştirakçıları Microsoftun nümayəndəliyinə fəaliyyətində uğurlar arzulamışlar.