Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub
Xızı, 6 iyun, Elxan Yusifli, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 1930-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında toplaşıblar.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, şairlər, yazıçılar, elm və incəsənət xadimləri çıxış edərək ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Ölməz şairin doğum günü münasibətilə Mikayıl Müşfiqin xatirə muzeyinin ətrafında 600-dən çox gül kolları, həmişəyaşıl ağaclar əkilib, şairin ruhuna ehtiram əlaməti olaraq muzeyin ətrafında təmizlik-abadlıq işləri görülüb.