Mikrobiologiya İnstitutu əməkdaşlarının kitabı Rusiyada çapdan çıxıb
Bakı, 22 dekabr, AZƏRTAC
Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının baş elmi işçisi, professor Nəriman İsmayılovun, həmin laboratoriyanın müdiri, dosent Samirə Nəcəfovanın və biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımovanın həmmüəllifi olduqları “Ekoloji, sosial və istehsal problemlərinin həlli üçün bioklaster kompleksləri” kitabı Rusiyada nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab insanların həyat fəaliyyətində və onların yaşayış mühitinin hərtərəfli yaxşılaşdırılmasında cəmiyyətin müasir inkişafının əsas vəzifəsi olan ekoloji-sosial-iqtisadi amillərin birliyinin qorunması yollarına həsr olunub.
Kitabda Azərbaycanın ətraf mühitinin vəziyyətinin ümumi qiymətləndirilməsi aparılıb və ərazinin gələcək inkişaf planları nəzərdən keçirilib. Həmçinin ətraf mühitin kompleks şəkildə qorunması üçün biotexnologiyaların istifadəsinin perspektivləri göstərilib. Bu nöqteyi-nəzərdən Azərbaycanın sosial-ekoloji-iqtisadi problemlərinin həlli üçün inteqrasiya olunmuş istehsal təsərrüfatları sistemlərinin - bioklasterlərin elmi əsasları işlənib hazırlanıb. Qapalı biotexnoloji tsikilli bioklasterlərdə elə regional resursların səmərəli istifadəsi nəzərdə tutulur ki, fokuslanmış son nəticə yüksək praktiki əhəmiyyətə malik olsun. İşlənib hazırlanmış bütün biotexnologiyaların əsasını mikrobioloji, biokimyəvi və texnoloji proseslər təşkil edir. Nəşrin rəyçisi akademik Məhərrəm Babayevdir.
Kitab ətraf mühitin mühafizəsi, ekoloji texnologiyaların tətbiqi sahəsi üzrə təhsil alan tələbələr, o cümlədən ixtisaslaşmış mütəxəssislər üçün nəzərdə tutulur.