Milli Azərbaycan Tarixi Muzeyində müharibə veteranları ilə görüş keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) “Böyük Vətən müharibəsinin böyük döyüşləri” layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz döyüşlərinin bitməsinə həsr olunmuş tematik görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dəstəyi ilə təşkil olunub.
AZƏRTAC RİİM-ə istinadən xəbər verir ki, muzeyin elmi əməkdaşı Fuad Ağayev görüş iştirakçıları qarşısında məruzə ilə çıxış edıb. O, Qafqaz uğrunda döyüşlər haqqında, Bakının neft resurslarını qorunub saxlanmasının vacibliyi barədə, faşizm üzərində Qələbə qazanılmasına azərbaycanlıların böyük töhfəsi haqqında məlumat verib. Məruzədən sonra 2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi göstərilib.
Sonra müharibə veteranları Aleksandr Qritçenko, Mariya Rzayeva və İsmayıl Fərəcov müharibə haqqında xatirələrini bölüşüblər.
Sonda “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin veteranlara möhkəm cansağlığı arzulayıb və muzeyin rəhbərliyinə, həmçinin Veteranlar Təşkilatına tədbirin keçirilməsinə göstərdikləri köməyə görə təşəkkürünü bildirib. O, Böyük Vətən müharibəsi veteranlarına xatirə hədiyyələri, Fuad Ağayevə isə “Rossotrudniçestvo”nun fəxri fərmanını təqdim edib.
Tədbirdə, həmçinin Böyük Vətən müharibəsi veteranları Nazim Ramazanov, Əlikişi Cümşüdov, Xətai Mürzəlov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, Respublika İncəsənət Gimnaziyasının şagirdləri, Azərbaycan kazaklarının nümayəndələri iştirak ediblər.