MİLLİ BANKDA İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Aprelin 26-da Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov 2003-cü ilin birinci rübünün yekunlarına dair mətbuat konfransı keçirmişdir. O qeyd etdi ki, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul 2003-cü ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artmışdır. Birinci rübdə inflyasiya cəmi 0,5 faiz olmuşdur.
Hesabat dövründə milli valyutamızın sabitliyi qorunub saxlanmış və onun ABŞ dollarına nisbətən məzənnəsi cəmi 14 manat və ya 0,3 faiz səviyyəsində dəyişmişdir. Yaradılmış əlverişli işgüzar mühitin nəticəsi olaraq ölkədə istər daxili, istərsə də xarici mənbələr hesabına sərmayə qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artmış və 3142,8 milyard manat təşkil etmişdir. Bunun da 85,1 faizini xarici sərmayələr təşkil etmişdir.
Ötən üç ayın yekunları üzrə ilkin məlumatlara görə dövlət büdcəsinin gəlirləri 1111,1 milyard manatlıq proqnoza qarşı 1234,7 milyard manat, xərcləri isə 1139,1 milyard manatlıq proqnoza qarşı 1038.4 milyard manat təşkil etmişdir. Yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 27,9 faiz artmışdır. Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi ilə əlaqədar olaraq 26,8 milyon ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikası Dövlət Neft Fonduna köçürülməsinə, eləcə də dövlətin Beynəlxalq Valyuta Fonduna olan öhdəliklərinin icra edilməsinə 18,2 milyon ABŞ dolları sərf edilməsinə baxmayaraq, nəzərdə tutulan hədd səviyyəsində qorunub saxlanılmış və rübün sonunda 651,1 milyon ABŞ dolları təşkil etmişdir. Bu o deməkdir ki, rüb ərzində valyuta ehtiyatlarının 14,8 milyon ABŞ dolları məbləğində nisbi artımına nail olunmuşdur. Ölkənin strateji valyuta ehtiyatları isə artıq 1,3 milyard ABŞ dollarını keçmişdir. Rüb ərzində əhalinin orta aylıq real əmək haqqı 19,1 faiz artmışdır.
Əhalinin əmanətlərinin məbləği 48,3 faiz artmışdır. Əmanətlərin dinamikası əhalinin manata olan inamının daha da artdığını göstərir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin manatla olan əmanətləri 27,1 faiz artmışdır.
Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanlarına uyğun olaraq sahibkarlığın, xüsusən də orta və kiçik biznesin inkişafında bank sisteminin rolunun daha da artırılması tədbirləri hesabat dövründə də davam etmişdir.
Mətbuat konfransında Elman Rüstəmov jurnalistlərin suallarına cavab vermişdir.