Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ ELMLƏR AKADEMİYASININ PREZİDENTİ AKADEMİK MAHMUD KƏRİMOVUN MƏRUZƏSİ

- Möhtərəm cənab Prezident!

Hörmətli akademiya üzvləri!

Hörmətli xanımlar və cənablar!

Bu gün biz xalqımızın ictimai-siyasi və mənəvi fikir tarixində müstəsna yeri və rolu olan, dünya elmində öz sözünü demiş müqəddəs elm məbədinin – Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyini qeyd edirik. Bu 60 illik tarix qədim və möhtəşəm bir sivilizasiyaya əsaslanan milli-mədəni varisliyin, zəngin elmi ənənələr və məktəblər üzərində qurulan yeni bir təkamülün və intibahın yaşıdır. Yarandığı gündən Azərbaycan elminin aparıcı qüvvəsi və flaqmanı missiyasını daşıyan, hazırda müstəqil dövlətimizin fundamental elmini ləyaqətlə təmsil edən bu qurumun cəmiyyətdə formalaşmış özünəməxsus şərəfli obrazı vardır.

Dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən olan Azərbaycan hələ orta əsrlərdə bəşəriyyətə Bəhmənyar, Xətib Təbrizi, Nizami Gəncəvi, Əcəmi Naxçıvani, Nəsirəddin Tusi, Əvhədi Marağayi, Hinduşah Naxçıvani və başqaları kimi görkəmli mütəfəkkir və alimlər bəxş etmişdir.

Azərbaycanın Avropa ilə ünsiyyəti XIX-XX əsrlərdə yeni məzmun kəsb etdi və elmi-ictimai fikir tariximizdə yeni dövrün müəyyən etdiyi mərhələ formalaşdı. Bu tarixi mərhələ Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov kimi mütəfəkkir və alimlərin adı ilə bağlıdır.

Azərbaycan elminin təşkilatlanması və dünya elmi ilə ardıcıl inteqrasiyası məhz XX əsrin ilk onilliklərində başlanır. Bakıda ilk universitetin açılması və 1923-cü ildə təşkil edilən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yeni elmi qurumların yaradılması üçün zəmin hazırladı. Bu cəmiyyətin əsasında yaradılan Elmi Tədqiqat İnstitutu respublikamızda elmi kadrların hazırlanmasına böyük təkan verdi.

Təsadüfi deyil ki, 1932-ci ildə bu institutun əsasında SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradıldı və 1935-ci ildən bu şöbə SSRİ EA-nın Azərbaycan filialı kimi fəaliyyət göstərməyə başladı. Burada məşhur rus alimləri ilə yanaşı, görkəmli Azərbaycan ziyalıları – Əbdürrəhim bəy Haqverdiyev, Vəli Xuluflu, Bəkir Çobanzadə, Salman Mümtaz və başqaları fəaliyyət göstərirdilər. Məhz bu illərdə müxtəlif sahələr üzrə əsas elmi istiqamətlərin müəyyənləşməsi, böyük perspektivli gənc alimlər nəslinin formalaşması Azərbaycan Elmlər Akademiyasının yaranması üçün əsaslı zəmin oldu.

1920-ci illərdə və 30-cu illərin birinci yarısında Azərbaycanda elmi fikrin intibahı üçün siyasi-mənəvi reallıqlar mövcud idi. Azərbaycanın məşhur alimlərinin Bakı Universitetindəki çoxşaxəli elmi araşdırmaları, bu gün mötəbər elmi mənbələrə çevrilmiş jurnalların nəşri, elmi plüralizmə meydan verilməsi mədəni-elmi tərəqqinin əsas zəmini idi. Elmə, mədəniyyətə siyasi müdaxilənin hələ dövlət siyasətinə çevrilmədiyi bu illərdə Azərbaycan elminin milli siması da formalaşırdı. Təsadüfi deyil ki, ilk türkoloji qurultay da 1926-cı ildə Bakıda keçirildi və humanitar təfəkkürün milli qaynaqlara yönəlməsində müstəsna tarixi rol oynadı.

Azərbaycan alimləri 1930-40-cı illərdə həm keçmiş SSRİ məkanında, həm də dünya miqyasında geniş əks-səda doğuran mühüm elmi kəşflərə imza atdılar. Neft kimyası, biologiya, tarix, incəsənət, dil və ədəbiyyat sahələrində dəyərli tədqiqat əsərləri meydana çıxdı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan alimləri faşizmə qarşı mübarizəyə öz əvəzsiz töhfələrini verdilər. Dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin başçılığı ilə alimlərimiz neft kimyası sahəsində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı almağa nail oldular və Bakının zavodlarında onun istehsalı təşkil edildi. Bu işlər SSRİ Dövlət mükafatına layiq görüldü.

Böyük ziyalı potensialına malik olan respublikamızda ali elmi mərkəzin yaranması zəruriliyi açıq-aşkar hiss olunurdu və bu məsələ öz həllini 1945-ci ildə tapdı. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1945-ci il 27 mart tarixli qərarları ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının əsasında Azərbaycan Elmlər Akademiyası təsis olundu. Respublika Elmlər Akademiyasının həqiqi üzvlərinin 15 nəfərdən ibarət ilk tərkibi təsdiq edildi. Azərbaycan Elmlər Akademiyasının yaradıcıları olmuş, adları elm tariximizə əbədi həkk olunmuş bu şəxslərin adlarını sizinlə birlikdə böyük ehtiramla xatırlatmaq istəyirəm: Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Aleksandr Qrossheym, Heydər Hüseynov, Sadıq Dadaşov, İosif Yesman, Mirzə İbrahimov, Mirəli Qaşqay, Yusif Məmmədəliyev, İvan Şirokoqorov, Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov.

Beləliklə, iyirmi ildən artıq davam edən təşkilatlanma mərhələsi uğurla başa çatdı. Böyük tarixə malik olan elmi ənənələrimiz az bir zaman kəsiyində sistemli inkişaf etdirildi, dünyada tanınmış elmi məktəblər və istiqamətlər formalaşdı.

Akademiyanın bir çox işləri nəinki Azərbaycanın xalq təsərrüfatında, eləcə də keçmiş SSRİ-nin bir sıra respublikalarında, habelə xarici ölkələrdə özünün uğurlu tətbiqini tapdı. Akademiya yarandığı vaxtdan indiyədək onun elmi idarələrində alınmış 1000-dən artıq elmi nəticə dünya elminin ən mühüm nailiyyətləri kimi qəbul olunmuşdur.

Akademiyanın təşkil edildiyi ilk illərdə Azərbaycanda funksional analiz və onun differensial tənliklərə, riyazi analizin bir çox məsələlərinə tətbiqi sahəsində böyük uğurlar qazanılmış və dünyada tanınan elmi məktəblər yaranmışdır. Fərəhləndirici haldır ki, keçmiş SSRİ-də “Funksional analizin əsasları” adlı ilk monoqrafiyanı məhz Azərbaycan alimi Zahid Xəlilov yazmışdır.

Akademik Həsən Abdullayevin başçılıq etdiyi böyük elmi kollektivin yarımkeçiricilər fizikası sahəsində apardığı tədqiqatlar geniş spektrli fotoqəbuledicilərin, lazerlərin və yüksək effektli çeviricilərin yaradılmasına səbəb olmuş, selen, tellur və onların mürəkkəb birləşmələrinin alınması isə keçmiş ittifaqda ilk dəfə xüsusi istehsal sahəsinin yaradılmasına imkan vermişdir.

Kibernetika elminin müasir problemləri ilə yanaşı, informatika və informasiya texnologiyaları sahələrində də geniş nəzəri və tətbiqi əhəmiyyətli işlər aparılmışdır. Şərqdə ən böyük rəsədxana olan Şamaxı Astrofizika Rəsədxanasının yaradılması da akademiyanın böyük nailiyyəti olmuşdur.

Azərbaycan alimləri neft emalı, neft kimyası, kimya texnologiyası və üzvi sintezin inkişafına əvəzsiz töhfələr vermişlər. Akademik Murtuza Nağıyevin “Kimya texnologiyasında resirkulyasiya prosesləri” nəzəriyyəsi dünyada yeni bir elmi istiqamət kimi qəbul edilmişdir.

Yüksək səmərəliliyə malik katalizatorlar yaradılmış, Azərbaycanın neft kimyası və neft emalı sənayesinin perspektiv inkişafının konsepsiyası işlənib hazırlanmışdır.

Respublikanın mineral xammalının səmərəli emal texnologiyasının elmi əsasları yaradılmışdır.

Bütün dünyada dənizdən neftçıxarmanın pioneri sayılan “Neft daşları”nın istifadəyə verilməsi neft geologiyası sahəsində çalışan alimlərimizin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

Azərbaycanın geoloq və geofizik alimlərinin respublikanın neft sənayesinin mütəxəssisləri ilə birlikdə apardıqları tədqiqatlar “Neft daşları”, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”və s. kimi nəhəng neft və qaz yataqlarının proqnozlaşdırılması və aşkar edilməsi ilə nəticələnmişdir.

Azərbaycanın flora və faunasının öyrənilməsində Aleksandr Qrossheym, Müzəffər Abutalıbov, Validə Tutayuq, tətbiqi səhiyyənin tibbi-bioloji problemlərinin həllində və fizioloji tədqiqatlar sahəsində Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov və Abdulla Qarayev böyük xidmətlər göstərmişlər.

Bioloq alimlərimizin flora və faunanın, biomüxtəlifliyin öyrənilməsi, genofondun qorunması, bitki və heyvanlar aləminin mühafizəsi, bərpası və səmərəli istifadəsinə dair tədqiqatlarının nəticəsində 7 cildlik “Qafqaz florası”, 8 cildlik “Azərbaycan florası”, 3 cildlik “Azərbaycan mikroflorası”, “Azərbaycanın heyvanlar aləmi” və s. fundamental əsərlər yazılmış və nəşr olunmuşdur. Biomüxtəlifliyin genetik ehtiyatlarının tükənmək təhlükəsinin qarşısını almaq məqsədi ilə Cənubi Qafqazda ilk Milli Genbank və səkkiz minə yaxın bitki nümunəsini əhatə edən Mərkəzi Məlumat Bazası yaradılmışdır. Azərbaycan torpaqlarının coğrafiyası, genezisi, meliorasiyası və eroziya prosesləri öyrənilmişdir.

İctimai və humanitar elmlər üzrə fundamental tədqiqatların rəhbərləri və istiqamətvericiləri Əbdülkərim Əlizadə, Aleksandr Makovelski, Heydər Hüseynov, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Məmməd Arif, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Quliyev, Məmmədağa Şirəliyev, Mikayıl Hüseynov, Ziya Bünyadov kimi görkəmli alimlər oldu.

Xalqımızın zəngin maddi və mənəvi sərvətləri epoxalar, tarixi dövrlər üzrə sistemləşdirildi, dünyanın müxtəlif ölkələrinə səpələnmiş nadir əlyazmaların, tarixi mənbələrin toplanması, tədqiqi, tərcüməsi üzrə böyük vətəndaşlıq məzmunu olan işlər başlandı. Tarix, arxeologiya, ədəbiyyat, dil və incəsənət sahəsindəki fundamental tədqiqatların böyük milli-elmi tutumu bir də onunla bağlı idi ki, uzun illər başqa xalqların adına çıxılmış tarixi mənəvi sərvətlərimiz təkzibedilməz araşdırmalarla öz sahibinə qaytarılır, humanitar elmlərin qarşısında duran vəzifələr müəyyən edilirdi.

Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar 1946-cı ildə təşkil olunan arxeoloji ekspedisiya qədim tariximizin müxtəlif mərhələlərinə aid 20 mindən artıq maddi-mədəniyyət nümunəsini aşkara çıxardı. Burada aparılan arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinin ilk Tunc dövrünə aid olduğunu təsdiqlədi. Qobustan ərazisində Mezolit dövründən orta əsrlərədək uzun bir tarixi mərhələni əks etdirən qayaüstü təsvirlər qeydə alındı. Aparılan səmərəli tədqiqatlar nəticəsində sonralar bu abidə YUNESKO-nun dünya mədəni irsi siyahısına salındı.

1960-cı ildən Azıx mağarasında başlayan arxeoloji qazıntılar Azərbaycan ərazisində Paleolit abidələrinin tədqiqi istiqamətində ən uğurlu addım oldu. Tədqiqatlar Quruçay mədəniyyətini dünya arxeologiya elminin başlıca mövzularından birinə çevirdi. 1968-ci ildə mağaradan ibtidai insanın alt çənə sümüyü qalığının tapılması azıxantropun müəyyənləşdirilməsinə və Azərbaycanın Avropanın qədim insan məskənləri xəritəsinə daxil edilməsinə səbəb oldu.

Bu dövrdə tariximizin daş sənədləri olan qədim abidələrin, müxtəlif səpkili maddi mədəniyyət nümunələrinin aşkar olunması və öyrənilməsi, klassik ədəbiyyat və folklor nümunələrinin toplanması, tədqiqi və nəşri işinin sistemli xarakter alması, incəsənət, memarlıq və musiqi tarixinə dair dəyərli tədqiqatların aparılması Azərbaycanşünaslığın nəzəri-metodoloji əsaslarını yaratdı, milli mədəniyyətimizin bəşər sivilizasiyasının inkişafında böyük və əvəzsiz rolunu üzə çıxardı.

1970-80-ci illər dövrü Azərbaycan Elmlər Akademiyasının inkişafında xüsusi yer tutur. Respublikamızın iqtisadi, ictimai-siyasi və milli-mənəvi tərəqqisi kontekstində Azərbaycan elmi böyük uğurlar əldə etdi. Ümummilli liderimiz Heydər Əliyev “müqəddəs elm ocağı” kimi qiymətləndirdiyi akademiyanın tarixi taleyində həlledici rol oynamışdır.

Azərbaycan elmi bu müdrik və uzaqgörən rəhbərin simasında özünün ən böyük hamisini və qayğıkeşini tapdı. Bu sahəni hər zaman şəxsi diqqət və nəzarətində saxlayan ölkə başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində elm adamlarının maddi və mənəvi problemləri ardıcıl şəkildə öz həllini tapmağa başladı, onların sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşdı.

1970-80-ci illər xalqımızın milli-mənəvi həyatında intibah dövrünə çevrildi, azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda dərin kök saldı. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ümummilli liderimizin böyük uzaqgörənliklə həyata keçirdiyi humanitar siyasət milli tarixi yaddaşa, mənəvi dəyərlərə qayıdışı təmin etdi, müstəqilliyin ideoloji əsasları məhz bu illərdə formalaşmağa başladı. Elmlər Akademiyası bu ictimai-mədəni prosesin mərkəzində dayanaraq onun aparıcı bir qüvvəsinə çevrildi.

Azərbaycan dili və ədəbiyyatının tarixi inkişaf yolu və nəzəri problemləri ilə bağlı fundamental əsərlər meydana çıxdı. Bu illərdə klassik irsin, zəngin folklor xəzinəsinin tədqiqi və nəşri daha geniş vüsət aldı. Filoloji araşdırmalarda tarixi kimlik, soykökə qayıdış, türk-islam mədəniyyəti, milli-mənəvi dəyərlər problemi əsas strateji hədəfə çevrilərək, milli mənlik şüurunun, azadlıq, müstəqillik düşüncəsinin formalaşmasında mühüm rol oynadı.

1960-80-ci illərdə Azərbaycan tarixçilərinin qədim, orta əsrlər və yeni dövr tariximizlə bağlı fundamental tədqiqatları, xalqımızın təşəkkülü və etnogenezisinə aid dəyərli araşdırmaları, Azərbaycan tarixinə dair qiymətli mənbələrin tərcümə və nəşr işinin sistemli şəkil alması milli dövlətçilik yaddaşının bərpa prosesinə əvəzsiz töhfələr verdi. “Midiya tarixi”, “Atropatena tarixinin oçerkləri”, “Azərbaycan Atabəylər dövləti”, “Səfəvilər dövləti”, “Şirvanşahlar dövləti”, “Bakı şəhərinin tarixi”, “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” kimi əsərlər Azərbaycan tarixşünaslığına beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdı.

1997-ci il yanvarın 31-də akademiyanın üzvləri ilə tarixi görüşdə Prezident Heydər Əliyev humanitar elmlər qarşısında duran ən vacib məsələlərə aydınlıq gətirdi, xalqımızın tarix və mədəniyyətini yeni metodoloji prinsiplərlə öyrənməyi tövsiyə etdi. Xüsusilə, sovet dövründə əsaslı təhriflərə məruz qalmış XIX-XX əsrlər tariximizin yenidən və obyektiv şəkildə işlənməsi zəruriliyini ön plana çəkdi. Bu tövsiyələr əsasında akademiyanın humanitar sahədə araşdırmalarının yeni konsepsiyası hazırlandı. 7 cildlik “Azərbaycan tarixi”nin nəşri respublikamızın ictimai-mədəni həyatında böyük bir hadisəyə çevrildi.

Ümumiyyətlə, tarixçilərimizin apardıqları fundamental tədqiqatlar nəticəsində son 10 ildə 80-dən çox əsər işıq üzü gördü. Bu əsərlər tariximizin öyrənilməmiş səhifələrini üzə çıxarmaqla yanaşı, torpaqlarımıza iddia edən erməni saxtakarlarına tutarlı bir cavabdır. Gerçək faktlara və təkzibolunmaz dəlillərə əsaslanan bu tarixi araşdırmalar Azərbaycanın haqq sözünün dünya ictimaiyyətinə çatdırılması işində mühüm əhəmiyyət kəsb edir.

Heydər Əliyev Azərbaycanın ali rəhbərliyinə ikinci dəfə qayıtdıqdan sonra da ölkəmizdə elmin inkişafı naminə ardıcıl olaraq mühüm tədbirlər həyata keçirirdi. Ulu öndərin Azərbaycan Milli Elmlər Akademiyasına müstəqil dövlətimizin elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verməsi akademiyanın yeni məzmunda işləməsinə hüquqi, maddi-mənəvi özül oldu, onun qarşısına məsul dövlət vəzifələri qoydu, xalqımızın intellektual potensialını inkişaf etdirmək, onun dünya elmi ilə inteqrasiyasına nail olmaq baxımından mühüm tarixi sənəd rolunu oynadı.

Akademiyanın Naxçıvan bölməsinin yaradılması da ümummilli liderimizin müstəsna xidmətidir. Hazırda bu qədim diyarın tarixi, etnoqrafiyası, ekologiyası, folkloru, incəsənəti, təbii ehtiyatları daha dolğun və əhatəli şəkildə öyrənilir.

Son illər ölkəmizin iqtisadi və siyasi həyatında böyük irəliləyiş baş vermişdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Bədnam qonşularımızın təcavüzünə, müstəqilliyimizə zərbə vurmaq istəyən qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan bütün dünya ictimaiyyətinin gözü qarşısında sürətlə inkişaf etməkdə davam edir. Bu inkişafın təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin elm, təhsil və mədəniyyət sahəsinə göstərdiyi qayğını ardıcıl davam etdirərək, qısa müddət ərzində elm və təhsil sahəsi üçün çox mühüm olan bir sıra qərarlar qəbul etmişdir. Möhtərəm Prezidentin xalqımızın milli-mədəni və ictimai-siyasi tərəqqisi üçün xüsusi əhəmiyyət kəsb edən “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamları akademiyanın kollektivi qarşısında yeni və təxirəsalınmaz vəzifələr qoyubdur.

Hər bir xalqın həyatında milli ensiklopediyanın nəşri böyük bir ictimai-mədəni hadisəyə çevrilir. Belə bir mühüm və şərəfli vəzifənin - 25 cildlik “Azərbaycan Milli Ensiklopediyası”nın hazırlanması və nəşrinin Elmlər Akademiyasına həvalə olunması bu ali elmi mərkəzə göstərilən etimadın bariz nümunəsidir. “Azərbaycan Milli Ensiklopediyası”nın xüsusi cildi tezliklə nəşr edilib, oxuculara təqdim olunacaqdır.

Dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında tapşırıqlarına əsasən, artıq Lənkəran şəhərində regional elmi mərkəz, Kürdəmir şəhərində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin regional şöbəsi, Lerikdə Genetik Ehtiyatlar İnstitutunun Zuvand dayaq məntəqəsi yaradılmışdır.

Akademiya beynəlxalq elmi-texniki əməkdaşlığa həmişə xüsusi diqqət yetirmişdir. Azərbaycan alimləri xarici ölkələrin nüfuzlu elmi mərkəzləri və universitetləri ilə elmin bütün sahələrində birgə araşdırmalar aparmış, birgə layihələr həyata keçirmiş, beynəlxalq simpoziumların, konfrans və seminarların daimi iştirakçısı olmuşlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra akademiyanın beynəlxalq elmi əlaqələri sahəsində yeni səhifə açılmışdır. Xarici elmi mərkəzlərlə əməkdaşlıq haqqında 25-dən çox ikitərəfli müqavilə və protokol imzalanmışdır. Dünyanın bütün aparıcı dövlətlərinin elm və təhsil müəssisələri, NATO, CERN, YUNESKO, Beynəlxalq Atom Enerjisi Agentliyi və Avropa Birliyi ilə əməkdaşlıq mütəmadi xarakter almışdır. Azərbaycan alimlərinin beynəlxalq və xarici təşkilatlara üzv seçilməsi də Azərbaycan elminin yüksək nüfuzuna dəlalət edir.

Möhtərəm cənab Prezident!

Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, demokratiyanın və iqtisadiyyatın inkişafını daim ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər etmişlər. Alimlərimiz respublika tarixinin həlledici məqamlarında dövlətimizə, ölkə Prezidentinə sadiqlik nümayiş etdirmiş və ona dayaq olmuşlar.

Sizi əmin etmək istəyirəm ki, akademiyanın alimləri respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi təmin edən siyasi xəttinizi daim dəstəkləyəcək, müstəqil dövlət quruculuğu prosesində öz intellektual imkanlarını əsirgəməyəcəklər.

Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan sonra daha sürətlə inkişaf edəcək, ölkəmizin dinamik inkişafı, Sizin son illər elmə, təhsilə göstərdiyiniz yüksək diqqət və qayğı öhdəmizə düşən məsul vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

Hörmətli alimlər, sizin hər birinizin Azərbaycan elminin inkişafında xüsusi xidmətləri vardır. Sizin fədakar əməyiniz ən yüksək qiymətə layiqdir. Akademiyanın Rəyasət heyəti adından və öz adımdan sizin hamınızı, respublikamızın bütün elmi ictimaiyyətini və Azərbaycan xalqını Milli Elmlər Akademiyasının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, hamınıza möhkəm cansağlığı və xalqımızın rifahı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Diqqətinizə görə sağ olun.

X X X

Sonra MEA-nın Yer elmləri bölməsinin akademik-katibi, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə “Heydər Əliyevin neft strategiyası və Azərbaycan elmi” mövzusunda çıxış etdi.

AKADEMİK AKİF ƏLİZADƏNİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli yubiley iştirakçıları!

Bu gün doğma Azərbaycanımız Milli Elmlər Akademiyasının 60 illik yubileyini qeyd edir. Bu yubiley Azərbaycan elminin istər sovet dövründə, istərsə də müstəqillik illərində əldə etdiyi böyük uğurların parlaq sübutudur. Azərbaycanda elmin tərəqqisi, iqtisadiyyatın yüksəliş dinamikası respublika rəhbərliyinin fundamental və tətbiqi tədqiqatların inkişafına göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsidir.

Bu gün biz respublikanın mərhum Prezidenti, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsini əziz tutaraq, bir daha qeyd edirik ki, onun əzəmətli, nəhəng, qüdrətli fəaliyyəti sayəsində Azərbaycan elmi dünya şöhrəti qazanmışdır. “...İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi sərvətidir”. Bu sözlər elmin müasir cəmiyyətdəki rolunu, onun bazar iqtisadiyyatı şəraitində köklü islahatlar prosesinə təsirini, prioritet istiqamətlərdə elmin yüksələn xətlə inkişafının təmin edilməsinin zəruriliyini dərindən dərk edən Heydər Əliyevə məxsusdur.

Heydər Əliyevin təşəbbüsü ilə fundamental elm sistemində başlanmış islahatlar onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezidentin təsdiq etdiyi “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bizi əmin edir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi tərəqqi xətti inamla davam etdiriləcəkdir.

Hörmətli cənab Prezident!

Hörmətli həmkarlar!

Məlumdur ki, neft sahəsi respublikada aparıcı istiqamət olmaqla, müasir Azərbaycan sənayesinin simasını və xalqın rifahının yaxşılaşdırılmasını müəyyən edir. Bu gün respublikamız əslində, ikinci neft bumu şəraitində yaşayır. Onun təməlini neft strategiyası və “Əsrin müqaviləsi” qoymuş və beləliklə, respublikanın bütün fəaliyyət sahələrində əlverişli şərait yaratmışdır.

“Əsrin müqaviləsi”nin bağlanması və müvafiq investisiya vəsaitləri Xəzər dənizində geoloji kəşfiyyatın yeni elmi-texnoloji əsaslarının işlənilməsi üzrə genişmiqyaslı tədqiqatlar aparmağa imkan yaratmışdır. Qlobal əhəmiyyətli iri layihələr, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan kəmərinin, Səngəçal terminalının inşası, əslində, nəinki neft sənayesinin dirçəlişini təmin etdi, həm də elmi tədqiqatların yeni mövqedən aparılması üçün zəmin yaratdı.

Yer təkinin quruluşunun dərindən öyrənilməsi və neft-qaz yataqlarının axtarışını əsaslandırmaq məqsədi ilə xüsusi geofiziki və geoloji-geokimyəvi tədqiqatlar aparıldı. Bu işlər Dövlət Neft Şirkəti ilə birgə yerinə yetirilmişdir. Nəticədə regionun geoloji quruluşu və neft-qazlılıq perspektivlərinə dair böyük həcmli yeni unikal informasiya əldə edilmişdir.

Xəzər dənizinin öyrənilmə tarixinin qədimliyinə baxmayaraq, əslində, bu region müasir Qərb texnologiyalarının tətbiqi ilə öyrənilməmişdir. Hazırda ən yeni geofiziki işlərin, informasion texnika və proqram təminatının köməyi ilə Xəzərin Azərbaycan sektorunun akvatoriyasının böyük bir hissəsi seysmik, qravimetrik və digər geoloji-geofiziki tədqiqat növləri ilə öyrənilmişdir. Onu da qeyd etmək lazımdır ki, müasir texnologiyaların geoloji-kəşfiyyat praktikasına tətbiqi çox qısa bir müddətdə həyata keçirilmişdir.

“Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra, respublikada, o cümlədən Azərbaycan Elmlər Akademiyasında milli kadrların hazırlanması istiqamətində, xüsusilə neft-qaz geologiyası və kəşfiyyatı sahəsində səmərəli işlər aparılmışdır. Yüzlərlə mütəxəssis xüsusi hazırlıq və təkmilləşmə kursları keçmiş və indi həm Azərbaycan Milli Elmlər Akademiyasında, həm də respublika və Qərb şirkətlərinin neft təşkilatlarında aparıcı vəzifələrdə çalışırlar. Belə bir şərait, geologiya, neft texnologiyası və neft-kimya sahəsində qərb şirkətləri ilə aparılan birgə işlər sayəsində elmi potensialı müəyyən qədər qoruyub saxlamaq, bir sıra hallarda isə hətta inkişaf etdirmək mümkün olmuşdur.

Elmlər Akademiyası bu dövrdə iri qlobal layihələr çərçivəsində dünyanın bir çox ölkələrinin elmi mərkəzləri və universitetləri ilə birgə tədqiqatlar aparmışdır. Yaşadığımız bu mürəkkəb illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rusiyanın aparıcı elmi mərkəzləri ilə əvvəlki əlaqələri nəinki itirməmiş, hətta müəyyən dərəcədə inkişaf etdirmiş və möhkəmləndirmişdir. İri qrantlar çərçivəsində Xəzər hövzəsinin geologiyası, geofizika və palçıq vulkanizmi üzrə müasir şərikli tədqiqatlar aparılmışdır. Xəzər regionunun karbohidrogen potensialının qiymətləndirilməsi Rusiya alimləri ilə birgə aparılmış mühüm tədqiqatlardan biridir. Rusiya Elmlər Akademiyası, Moskva Dövlət Universiteti, digər elmi mərkəzlər bizim akademiyanın çoxillik tərəfdaşlarıdır. Azərbaycan və Rusiya alimlərinin birgə apardıqları elmi tədqiqatlar təkcə Qafqazı deyil, habelə bütövlükdə, Xəzər və Aralıq dənizi regionlarını da əhatə edir.

“Əsrin müqaviləsi” Azərbaycanın təhsil sistemini də canlandırmış, ona yeni ab-hava gətirmişdir. Orta və ali məktəblər, aspirantura üçün onlarca xüsusi proqramlar Qərb şirkətləri tərəfindən maliyyələşdirilmiş, yüzlərlə tələbə xaricdə dünyanın qabaqcıl universitetlərində təhsil almaq imkanı qazanmışdır. İndi bu mütəxəssislərin bir çoxu Azərbaycan Milli Elmlər Akademiyasında çalışır.

Praktiki olaraq, “Əsrin müqaviləsi”nin Azərbaycanın bütün elm və iqtisadiyyat sahələrinin inkişafına təsiri heç də göstərilən misallarla məhdudlaşmır. Mövcud siyasi və sosial sabitlik ölkəmizə olan etimadın yüksəlməsinə səbəb olmuş, respublika həyatının bütün sahələrinə kapital axınını canlandırmış və şübhəsiz ki, ölkənin iqtisadiyyatının inkişafında öz əksini tapmışdır.

Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyası bizi əhatə edən aləmlə birlikdə XXI əsrə qədəm qoymuşdur. Alim və ekspertlərin əksəriyyəti bu əsri informasiya texnologiyaları epoxası kimi səciyyələndirir. Görünür, bunda həqiqət vardır. Artıq məlum olduğu kimi, informasiya insan biliklərinin istənilən sahəsində, o cümlədən neft elmində və neft sənayesində mühüm və vacib resurs olmuşdur. Buna görə də bizə elə gəlir ki, Yer elmləri sahəsində çalışan alimlərin qarşısında duran təxirəsalınmaz məsələlərdən biri mövcud elektron məlumat banklarından istifadə etmək məqsədi ilə qlobal informasiya şəbəkəsinə qoşulmaqdır.

XXI əsrdə dünya elm aləmində elmi əlaqə və mübadilələrin səviyyəsi kəskin şəkildə yüksəlməkdədir. Müxtəlif ölkələrin, o cümlədən Azərbaycan alimlərinin, geoloqlarının, neftçilərinin iştirakı ilə işlənilən qlobal beynəlxalq layihələr indi adi hadisə kimi çoxunu təəccübləndirmir. Azərbaycanda neft elmi sahəsində çalışan alimlərimizin xarici müqavilələrdə fəal iştirakı nəticəsində təsdiq olunmuş yüksək imici, şübhəsiz, Azərbaycan elminin dəyişkən şəraitlərə uyğunlaşmasına və ola bilsin ki, respublikanın coğrafi-strateji vəziyyətinin üstünlüyündən istifadə edərək, özünün də yeni qlobal layihələr təklif etməsinə imkan yaradacaqdır.

Sonda, icazə verin, doğma Milli Elmlər Akademiyamızı şanlı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edim və hamımıza möhkəm cansağlığı, elmin inkişafı və müstəqil Azərbaycan naminə daha böyük uğurlar arzulayım.

Bu gözəl yubiley günündə Azərbaycanın elmi gəncliyinə bir neçə ibrət sözü demək istərdim. Mən o gənclərə müraciət edirəm ki, onlar elm yollarında hələ ilk addımlar atırlar. Bu günün qırx ildən sonra gəncləri akademiyanın 100 illiyini qeyd edəcəklər. Heç şübhə etmirəm ki, o zaman onlar uzaq 1945-ci ildə Elmlər Akademiyasının təməlini qoymuş nəhəng alimləri, olduqca çətin, lakin şərəfli 60 il ərzində akademiyanı qoruyub saxlamış və inkişaf etdirmiş insanları xoş sözlərlə və ehtiramla yad edəcəklər. Təşəkkür edirəm.

X X X

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov “Azərbaycan elminin ölkəmizdə informasiya cəmiyyətinin qurulmasında rolu” mövzusunda çıxış etdi.

AKADEMİK ƏLİ ABBASOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Çox hörmətli alimlər!

Əziz ziyalılar!

Cənab Prezident, bu gün biz həyat varlığının ən böyük neməti olan insan təfəkkürünün formalaşmasında bəşəriyyətə müxtəlif dövrlərdə töhfələr vermiş Azərbaycan elminin tarixində mühüm hadisələrdən birinin – Milli Elmlər Akademiyasının 60 illik yubiley mərasiminə Sizin şəxsi iştirakınızla toplaşdığımızdan fərəh və sevinc hissi duyur və bu diqqətinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Elm, təhsil, incəsənət xalqımızın tarixi irsini səciyyələndirən xüsusiyyətlərdən olduğundan, insan fəaliyyətinin bu istiqaməti həmişə Azərbaycan cəmiyyətinin və dövlətimizin diqqət mərkəzində olmuşdur. Xüsusilə bu diqqəti, elm, təhsil, mədəniyyət işçiləri və ümumiyyətlə, ziyalılara göstərilən dövlət qayığısını biz ümummilli liderimiz Heydər Əliyev tərəfindən görmüşük və bu gün də Sizin, cənab Prezident, Heydər Əliyevin həssaslıq və qayğıkeşlik ənənələrinə sadiq qalmağınız bütün ziyalıları fərəhləndirir və bizim üzərimizə böyük və şərəfli bir məsuliyyət qoyur.

Dərin tarixi olan Azərbaycan elmində informatika, kibernetika və kompüter elmlərinin də xüsusi yeri var və ölkəmizin hərtərəfli inkişafında böyük rolu olmuşdur.

Milli Elmlər Akademiyasının 60 ili tamam olur. Təqribən elə 60 il bundan öncə Amerika Birləşmiş Ştatlarında ilk elektron hesablama maşını, yəni kompüter ixtira edilib hazırlandı. Dünyanın aparıcı ölkələrindən olan keçmiş SSRİ-də və o cümlədən Azərbaycanda qısa gecikmələrlə müxtəlif növ kompüter texnikası işlənib hazırlanmağa və xalq təsərrüfatında tətbiq edilməyə başlandı. Akademiya və sahə elmi tədqiqat institutları, konstruktor büroları və istehsal sahələrinin birgə səyi ilə bir-birinin ardınca yeni texnoloji xətlər, avtomatlaşdırılmış idarəetmə sistemləri, müasir hərbi texnika, kosmik sistemlər hazırlanıb istifadəyə verildi.

Azərbaycanda 1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında istedadlı alim və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlığı istehsal edən zavodlar tikildi. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və s. kimi elmi tədqiqat müəssisələri yaradıldı. Möhtərəm Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirildi. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri – RASU –“Azərbaycan”, respublika kompüter şəbəkəsi, akademşəbəkə, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. “AZON”, “NORD” elm-istehsalat birlikləri, Radiozavod, Elektron hesablama maşınları zavodu, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi.

Bu gün Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf gedir, iqtisadiyyatın artım sürəti bütün dünyanın diqqətini cəlb edir. Bu, əsasən ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyasının və cənab Prezident, Sizin bu böyük iqtisadi proqramı müvəffəqiyyətlə həyata keçirməyinizlə əlaqədardır. Sizin dəfərlərlə bəyan etdiyiniz “neftdən sonra hansı sahə Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olmalıdır?” sualı indi bizi daha çox düşündürür.

Bu gün belə sahələrdən biri informasiya-kommunikasiya texnologiyalarıdır. İqtisadiyyatın digər sahələrindən əsas fərqi bu texnologiyaların çoxşaxəliliyidir. Belə ki, informasiya-kommunikasiya texnologiyaları müasir cəmiyyətin ən vacib infrastrukturu, iqtisadiyyatın bir sektoru, əmək məhsuldarlığının artım amili və müasir humanitar inkişafın katalizatorudur. Bu gün informasiya-kommunikasiya texnologiyaları dünya iqtisadiyyatında birinci, Azərbaycanda isə energetikadan sonra ən dinamik inkişaf edən ikinci sahədir. İnformasiya-kommunikasiya texnologiyaları dayanıqlı inkişafın lokomotividir, özü ilə bərabər, elmin və təhsilin, mədəni və demokratik inkişafın, hərbi texnikanın, nanotexnologiya, biotexnologiya və həyati əhəmiyyəti olan digər sahələrin inkişafına təkan verir.

Azərbaycanda aparılan dövlət siyasəti informasiya-kommunikasiya texnologiyalarının yeni bir prioritet sahə kimi inkişafına şərait yaradır. Lakin Azərbaycanın kiçik ölkə və daxili bazarının məhdud olduğunu nəzərə alaraq, informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi geniş region bazarını əhatə etməsi və geniş ixrac xəritəsinə malik olması zəruri şərtdir.

Müasir dövrdə dünyada ölkələrin inkişafı üçün zəruri və demək olar ki, kafi şərt təhsil, elm və iqtisadiyyatın əlaqəli şəkildə fəaliyyət göstərməsidir. Əgər SSRİ-də bu sxem dövlət tərəfindən planlaşdırılaraq direktiv şəkildə həyata keçirilirdisə, bu gün müstəqillik əldə etmiş, siyasi və iqtisadi sistemlərini dəyişmiş keçid ölkələrində bazar iqtisadiyyatı mühitində elmlə real iqtisadiyyat arasında əlaqələr kəskin surətdə zəifləmişdir. Bu isə elmin təklif etdiyi məhsullara bazarda tələbatın azalması, yaxud olmaması ilə əlaqədardır. Lakin ikinci bir fikir də mövcuddur: bazara dövlət təsiri etməklə təkliflər strukturunu dəyişmək və elm tutumlu məhsullara və istehsala ehtiyac yaratmaq.

Ümumiyyətlə, müasir zamanda elmin sifarişi əsasən iqtisadiyyatdan gəlir. Məsələn, Amerika Birləşmiş Ştatlarında elmi xərclərin 80 faizi biznes sektorundan gələn sifarişlər əsasında həyata keçirilir. Bu istiqamətdə apardığımız təhlil və proqnozlar göstərir ki, informasiya-kommunikasiya texnologiyalarının və həmçinin elektron istehsalın və proqram təminatının işlənib hazırlanması üzrə Azərbaycanda bazar yaratmaq, yəni xüsusiləşdirilmiş sərbəst iqtisadi zona – elmi və texniki parklar və digər intellektual bazar sahələrinin yaradılması məqsədəuyğun olardı.

Həmçinin qeyd etmək lazımdır ki, vergi və gömrük siyasətində müəyyən dəyişikliklər aparmaqla ölkəmizi Şərq və Qərb arasında tranzit informasiya bazarına çevirə bilərik. Yəni Azərbaycanı informasiyanın və informasiya-kommunikasiya texnologiyaları məhsullarının ixrac mənbəyinə çevirə bilərik. Araşdırmalar göstərir ki, elektron informasiya resurslarının 80-85 faizi Qərbi Avropa və Şimali Amerikada cəmləşmişdir. Şərqdə artmaqda olan kəskin tələbatı ödəmək üçün məsrəflərin 80-90 faizi kommunikasiya xərcləridir. Azərbaycan tranzit informasiya mərkəzinə çevrilərsə, geniş region üçün bu xərclər 2-3 dəfə azala bilər.

Cənab Prezident, 2003-cü ilin dekabrında Sizin iştirakınızla Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya zirvə toplantısının birinci mərhələsində belə nəticəyə gəlindi ki, yoxsulluq vəziyyətində yaşayan, təhsildən, tibbi xidmətdən, elektrik və rabitədən və digər ən zəruri nemətlərdən məhrum olan təqribən 2 milyard insan üçün çıxış yolu onların informasiya təminatında və biliklərə yiyələnməsindədir. Biz Cenevrədə informasiya-kommunikasiya texnologiyalarının əsasən sosial-iqtisadi inkişafdakı rolundan danışırdıqsa, artıq zirvə toplantısının bu ilin noyabr ayında Tunisdə keçirilən ikinci mərhələsində informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatındakı rolu ön plana çəkilirdi.

İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətə, sosial-iqtisadi, siyasi, mədəni, mənəvi inkişafa təsiri yeni, XXI əsrin insanını, insanlar arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır. Beləliklə, informasiya-kommunikasiya texnologiyaları yeni sosial-iqtisadi formasiyanın – informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur.

Möhtərəm cənab Prezident!

Fəxrlə qeyd etmək istəyirik ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf sürəti, ona olan dövlət qayğısı və beynəlxalq qurumlarla əməkdaşlığımız ölkəmizin nüfuzuna müsbət təsir edir. Elə təkcə onu qeyd etsək ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratik inkişafındakı rolu üzrə Tunis zirvə toplantısında qəbul olunmuş bir neçə tezisin fəal müəlliflərindən biridir, artıq bu kifayətdir ki, ölkəmizin bu istiqamətdə fəallığını təsəvvür edək. Tunis zirvə toplantısında Azərbaycan geniş nümayəndə heyəti, sərgi nümayişi, paralel üç seminarın keçirilməsi, ikitərəfli görüşlər və “Azərbaycan günü”nün qeyd olunması və nəhayət, Təşkilat Komitəsinin ölkəmizə rəsmi təşəkkürü ilə yadda qaldı.

Cənab Prezident, görülmüş bütün bu işlərdə Sizin qayğınızı hiss edir, gələcək işlərimizdə Sizin yardım və dəstəyinizə ümid bəsləyirik.

Diqqətinizə görə sağ olun!

X X X

Sonra MEA-nın Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev “Azərbaycan Milli Elmlər Akademiyasının xalqımızın milli mənəvi dəyərlərinin qorunması və zənginləşdirilməsində rolu” mövzusunda çıxış etdi.

AKADEMİK BƏKİR NƏBİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Əziz qonaqlar!

Hörmətli həmkarlar!

Milli Elmlər Akademiyamızın 60 illiyi hər bir Azərbaycan vətəndaşında sonsuz fərəh duyğusu oyadan elm, mədəniyyət və mənəviyyat bayramıdır. Bu yubiley, hər cür çətinliklərə baxmayaraq, Azərbaycan elmi təfəkkürünün son altmış ildə keçdiyi inamlı inkişaf yoluna, bu yolda əldə etdiyi böyük və əlamətdar uğurlara geniş ictimai baxışdır.

Azərbaycan SSR Elmlər Akademiyası 1945-ci ilin baharında yaradılmış və onun ilk həqiqi üzvləri özlərinin dünya şöhrətli alim qonaqları ilə birlikdə kollektiv bir şəkil çəkdirmişdilər. Həmin fotoda indi hər birinin ətrafında şan-şöhrət haləsi şölələnən həkimlər Mirəsədulla Mirqasımov və Mustafa bəy Topçubaşovun, geoloqlar Mirəli Qaşqay və Şamil Əzizbəyovun, kimyaçı Yusif Məmmədəliyevin, filosof Heydər Hüseynovun, eləcə də digər humanitar elmləri təmsil edən şair Səməd Vurğunun, bəstəkar Üzeyir Hacıbəyovun, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun, yazıçı Mirzə İbrahimovun ürəyə yatan işıqlı obrazları canlanır. Azərbaycan və Yaxın Şərq ölkələri tarixində Avropa tipli ilk dünya səviyyəli elmi qurum olan akademiyamızın nüvəsini təşkil edən bu alimlər və onların yorulmaq bilmədən başçılıq etdikləri institutlar, elmi tədqiqat istiqamətləri zaman-zaman öz sanballı səmərəsini vermiş və xalqımıza, onun elminə başucalığı gətirmişlər.

Elmimizin tarixinə ümumi bir nəzər salsaq görərik ki, fəlsəfə, ilahiyyat, məntiq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, estetika və digər sahələrdə Azərbaycan elmi fikrinin bir sıra qiymətli nümunələri orta əsrlərin ümumşərq ənənələrinə müvafiq olaraq, əvvəlcə klassik şairlərimizin yaradıcılığında öz əksini tapmışdır. Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Mahmud Şəbüstərinin, İmadəddin Nəsiminin, Əssar Təbrizinin, Məhəmməd Füzulinin müxtəlif janrlarda yazılmış əsərləri bu baxımdan həqiqətən tükənməz bir xəzinədir. Ona görə də bu gün həm o böyük şairlərin, həm də XI əsrdə ədəbiyyat nəzəriyyəsi, poetika sahəsində yeni istiqamətlər müəyyən etmiş Xətib Təbrizinin, böyük filosof Bəhmənyar Azərbaycaninin, XIII əsrdə ilk not işarələrini yaratmış musiqişunas Səfiəddin Urməvinin bayramıdır. XIV əsrdə Marağa rəsədxanasını yaratmış Nəsirəddin Tusinin, XVIII əsrdə yaşamış coğrafiyaşünas Zeynalabdin Şirvaninin bayramıdır.

XIX əsrdə Qafqaz-Rusiya regionunda ilk möhtəşəm şərqşünaslıq elmi məktəbini yaratmış Mirzə Kazım bəyin, vüsətli biliklər sahibi olub “Gülüstani-İrəm” kimi kamil tarix əsəri yazmış Abbasqulu ağa Bakıxanovun, ilk peşəkar ədəbiyyat tənqidçimiz, filosof Mirzə Fətəli Axundovun, ilk milli qəzetimizin təsisçisi və redaktoru Həsən bəy Zərdabinin, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixinə dair 4 kitabdan ibarət çox sanballı bir əsər yazıb meydana qoymuş Firudin bəy Köçərlinin bayramıdır. Onların narahat, nigaran ruhları da yəqin ki, bu əziz gündə aram tapıb öz xələflərinin fərəhinə qovuşmuşlar.

Mən inanıram ki, bayram təntənələrimizə öz işıqlı dünyası ilə qovuşan görkəmli Azərbaycan alimləri, akademiyamızın klassikasını təşkil edən ədəbiyyatçılar Məmməd Arif Dadaşzadə, Feyzulla Qasımzadə, Həmid Araslı və Məmmədcəfər Cəfərovun, tarixçi Əlisöhbət Sumbatzadənin, filosof Aleksandr Makovelskinin, lüğətçi Əliheydər Orucovun, dilçi Məmmədağa Şirəliyevin, şərqşunaslar Əbdülkərim Əlizadə və Ziya Bünyadovun da ruhları bu gün, böyük şairimiz Məhəmməd Hadi demiş, sevincdən qəbirlərində rəqsan olurlar.

Nəhayət, bu gün ulu öndər Heydər Əliyevin müqəddəs ruhu da bu bayramda bizimlədir. Bildiyiniz kimi, Heydər Əliyevin bu sahədə xidmətləri ölçüyəgəlməz dərəcədə böyükdür. Akademiyamızı keçən yüzilliyin 90-cı illərinin başlanğıcındakı xaosdan çıxaran, onu dağılıb məhv olmaq təhlükəsindən xilas edən məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Bu gün biz xüsusi iftixar hissi ilə etiraf edirik ki, Heydər Əliyev xəttinin ən etibarlı davamçısı cənab İlham Əliyev də elmə, təhsilə, mədəniyyətə, onların problemlərinə yüksək səviyyədə qayğı göstərir.

Möhtərəm cənab Prezident!

Qeyd etdim ki, Siz ümummilli liderimiz Heydər Əliyevin xəttini uğurla davam etdirirsiniz. Deyilənlərə nümunə olaraq, Sizin keçən ilin yanvarında imzalamış olduğunuz iki Sərəncamı yada salacağam. Mənim möhkəm şəxsi qənaətimə görə, Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə kütləvi tirajla nəşr edilib kitabxanalara, məktəblərə pulsuz paylanması, eləcə də yeni “Azərbaycan Milli Ensiklopediyası” üzərində işin yoluna qoyulması Sizin bu Sərəncamlarınızın milli mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə xidmət etdiyinə, elə buna görə də xalq mənəviyyatının önəmli faktlarına çevrildiyinə parlaq sübutdur. Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi fəxr edir ki, hər iki Sərəncam dövlət başçısının tapşırığına əsasən, başlıca olaraq, məhz Akademiyanın uyarlı idarələrinin əməkdaşları tərəfindən uğurla icra edilir.

Akademiyanın fundamental kitabxanasının rəhbərliyindən dünən aldığım məlumata görə, Sizin Sərəncamınıza əsasən, Azərbaycan klassik ədəbiyyatı nümunələrini əks etdirən bu cür 228 kitab artıq yüksək poliqrafik səviyyədə, hər biri 25 min nüsxə tirajla nəşr edilib ölkəmizin mötəbər kitab saxlanclarından biri kimi, bizim akademiyanın da kitabxanasına daxil olmuşdur.

Hamı bilir ki, universal milli ensiklopediya heç də hər vaxt yaranmır. Bunun üçün xalqın tarixində bir inkişaf, qalxınma, intibah məqamı yetişməlidir. XVIII əsrdə Fransada da belə olub, sonra, XIX əsrdə Rusiyada da, elə bizdə də belə olub və indi də belədir.

Bu gün, yeni ensiklopediyanın yaranması ərəfəsində də Azərbaycanımız öz tarixinin təzə bir intibah məqamındadır. Dövlət müstəqillyini əldə edib demokratiya yolu ilə inamla irəliləyən ölkəmiz siyasi-ictimai inkişafının yeni mərhələsini yaşamaqdadır. Büdcəmiz indiyədək görünməmiş dərəcədə zənginləşmişdir. Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri artıq düşmən gözü çıxaran reallığa çevrilmişdir. Elmimiz, mədəniyyətimiz yeni uğurlar qazanmışdır. Müstəqil Azərbaycanın təzə ensiklopediyasını ərsəyə gətirmək üçün hər cür əlverişli şərait artıq yaradılmışdır. Bu ensiklopediyanın xüsusi bircildliyi üzərində son tamamlama işləri də görülüb qurtarmış və o, artıq nəşr olunmazdan öncə, nəzərdən keçirilmək üçün ensiklopediyanın Redaksiya heyətinin sədrinə, Sizə təqdim edilmişdir. Çoxcildlik üzərində isə hazırda intensiv iş getməkdədir.

Ensiklopediyanın Redaksiya heyəti sədrinin müavini kimi belə hesab edirəm ki, yeni milli ensiklopediyanın Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilməsi də tamamilə təbii və məqsədəuyğundur. Bu əzəmətli vəzifəni həyata keçirməyə indi akademiyanın bütün imkanları var. Azərbaycanın Milli Elmlər Akademiyası statusunu almış akademiyamız hazırda ölkəmizdəki bütün elmi idarələrdə və ali məktəblərdə, sahə institutlarında aparılan tədqiqat işlərini əlaqələndirir. Müasir elmin ən müxtəlif istiqamətlərini təmsil edən təqribən 5500 elmi işçi elə təkcə bizim akademiyada çalışır.

İnişil AMEA-nın Naxçıvan bölməsi fəaliyyət göstərməyə başlamışdır. Son seçkilərdə akademiyaya yeni qüvvələr – akademiklər və müxbir üzvləri seçilmişlər. Çoxlu iddiaçı elmlər doktoru dissertasiyalarını müdafiə etmişlər. Bütün akademiya əməkdaşlarının maaşları, akademiya üzvlərinin rütbə maaşları hissolunacaq dərəcədə artırılmışdır. Beləliklə, akademiya bu məsul vəzifəni yerinə yetirməyə, yeni Azərbaycan milli ensiklopediyasını yaratmağa indi əvvəllər olduğundan daha çox hazırdır. Bu nəhəng əsərin yüksək elmi tələblər əsasında hazırlanması, həqiqətən də, böyük dövlət əhəmiyyətinə malik ümummilli, ümumxalq işimiz olacaqdır.

Hörmətli yubiley iştirakçıları!

Azərbaycan Milli Elmlər Akademiyası illər boyu müxtəlif adlarla şərəfləndirilib, ən çox da ona neft akademiyası deyilibdir. Bu sahədə çox böyük uğurları təsbit etməklə yanaşı, o da etiraf olunmalıdır ki, alimlərimiz humanitar elmlər sahəsində də ciddi uğurlar qazanmışlar. Yeddicildlik “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfə tarixi”nin birinci cildi, altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan incəsənəti tarixi”, 12 cilddən ibarət “Azərbaycan folkloru antologiyası”, Füzulinin türkcə divanının ən kamil elmi-tənqidi mətni, Cəlil Məmmədquluzadənin dördcildlik, Hüseyn Cavidin beşcildlik külliyyatları, dilimizin izahlı lüğəti, ikidilli, üçdilli lüğətlər, elmin ən müxtəlif sahələrinə dair yüzlərlə terminoloji lüğət, nəhayət, Azərbaycan dilinin keçən il işıq üzü görmüş və 80 minə yaxın sözü əhatə edən ən mükəmməl orfoqrafiya lüğəti deyilənlərə gözəl sübutdur.

Möhtərəm cənab Prezident!

Sizi əmin edirik ki, bilavasitə iştirakınızla keçirilən bu yubiley təntənələri bizi müstəqil Azərbaycan Respublikasının tərəqqisi və daha da möhkəmləndirilməsi naminə yeni elmi uğurlara ruhlandıracaqdır. Diqqətiniz üçün sağ olun.

X X X

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik tarixinə həsr olunmuş film göstərildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin AMEA haqqında söylədiyi “XX əsrdə Azərbaycanda xalqın təhsillənməsi, yüksək təhsil ocaqlarının, institutlarının yaranması, xalqın təhsilə və yüksək, ali təhsilə cəlb olunması, elmi tədqiqat institutlarının yaranması, elmi tədqiqat işlərinin təşkil olunması və bunların nəticəsində Azərbaycanda ilk dəfə Elmlər Akademiyasının yaranması – bunlar hamısı XX əsrdə Azərbaycanda elmin sürətlə inkişaf etməsini nümayiş etdirən faktlardır. Onlar bizim milli sərvətimizdir. Biz bu nailiyyətlərlə fəxr edirik və yaranmış elmi potensialı qorumalıyıq, saxlamalıyıq. Ondan indi və gələcəkdə də müstəqil Azərbaycanın inkişafı naminə daha da səmərəli istifadə etməliyik” müdrik fikirləri ilə başlayan və ölkəmizin elm məbədinin bütün sahələrdə qazandığı uğurlardan bəhs edən film Azərbaycan elminin tarixinin, inkişafının gələcək nəsillərə çatdırılması üçün dəyərli ekran əsəridir.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev yığıncaqda geniş nitq söylədi.

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının “İstiqlal” ordeni ilə təltif olunmaları barədə 2005-ci il 14 dekabr tarixli Sərəncamı oxundu.

Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının həqiqi üzvləri Cəmil Quliyevə, Nəriman Quliyevə, Bəkir Nəbiyevə və Toğrul Şahtaxtınskiyə “İstiqlal” ordenini, bu yüksək mükafatın vəsiqəsini təqdim etdi.

Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 14 dekabr tarixli digər Sərəncamları ilə Azərbaycan Milli Elmlər Akademiyasının 17 əməkdaşı “Şöhrət” ordeni, 27 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilmiş, 21 əməkdaşa “Əməkdar elm xadimi”, 5 əməkdaşa “Əməkdar mühəndis”, 1 əməkdaşa “Əməkdar müəllim”, 4 əməkdaşa “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilmiş, 10 əməkdaşı isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

X X X

MAHMUD KƏRİMOV: Möhtərəm cənab Prezident, Sizin bugünkü mərasimdə şəxsən iştirak etməyiniz, akademiya alimlərinin ünvanına söylədiyiniz xoş sözlər, alimlərimizi yüksək fəxri adlarla, orden və medallara layiq görməyiniz Azərbaycan elminə, Azərbaycan Milli Elmlər Akademiyasına, ümumiyyətə, Azərbaycan alimlərinə göstərdiyiniz böyük diqqət və qayğınızın təzahürüdür. Bu diqqət və qayğıya görə Sizə bütün Azərbaycan alimləri, elmi ictimaiyyəti adından dərin minnətdarlığımı bildirirəm. Xahiş edirəm, bugünkü görüşün xatirəsi kimi bizim kiçik hədiyyəmizi qəbul edəsiniz.

X X X

Akademik Mahmud Kərimov Prezident İlham Əliyevə AMEA-nın yubileyi münasibətilə xatirə hədiyyəsini təqdim etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib