SİYASƏT
Milli həmrəyliyimizin təcəssümü olan Qələbəmiz tarixdə əbədi qalacaq - RƏY

Bakı, 27 sentyabr, AZƏRTAC
Bu gün xalqımız Vətən müharibəsində həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır. 27 sentyabr - Vətən müharibəsinin başladığı gün bütün şəhidlərimizə, müharibə iştirakçılarına və qazilərə ən böyük hörmət və ehtiramın göstəricisidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm tarix yazdığını vurğulayan deputat deyib: “Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdi.
Prezident İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş taktikası nümayiş etdirərək əks-hücum əməliyyatları zamanı düşmən ordusunu darmadağın etdi. Silahlı Qüvvələrin müxtəlif növ qoşunlarının iştirakı ilə döyüş tapşırıqları yüksək dəqiqliklə yerinə yetirildi. Bu əməliyyatlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərdi”.
S.Mikayılova Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan qüdrətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirdiyini vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsində şanlı Qələbənin ardı olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il sentyabrın 19-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suveren ərazilərində nəzarəti tam bərpa etdi və uzun illərdən bəri həll olunmayan ölkə ərazisində separatizm problemini köklü şəkildə həll etmiş oldu”.
Deputat qeyd edib ki, milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi mövcud olacaq və bundan sonra xalqımız müzəffər xalq kimi əbədi yaşayacaq. Əlbəttə ki, bu böyük qələbəyə qəhrəman oğullarımızın canı və qanı bahasına nail olundu. Xalqımız qəhrəmanlarımızla fəxr edir və qürur duyur.