MƏDƏNİYYƏT
Milli Kitabxanada Silahlı Qüvvələr Gününə həsr olunmuş virtual sərgi açılıb
![](/files/galleryphoto/2023/2/1200x630/16876763363884056132_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16876763365583438144_1200x630.png)
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” adlı virtual və ənənəvi sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Milli Ordumuzla bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar kitabxananın fondunda mühafizə olunan kitablar nümayiş olunur.
Virtual sərgi ilə bu link - http://anl.az/el/vsb/ vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı, həmçinin müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
44 günlük Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir.