MİLLİ MƏCLİS “2004-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ HAQQINDA”QANUNA DƏYİŞİKLİKLƏR ETMİŞDİR
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, Prezident İlham Əliyevin əhalinin sosial rifah halının yüksəldilməsi ilə əlaqədar seçkiqabağı xalqa verdiyi vədlər real həyatda öz əksini tapmaqdadır. Ölkəmizin iqtisadiyyatının inkişafı nəticəsində ümumi daxili məhsulun həcmi də artmışdır. Bu artım əhalinin pul təminatının, bir sıra sahələrə sərmayə qoyuluşunun artırılmasına imkan yaradır. Prezident İlham Əliyev bu məqsədlə də dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməsi ilə əlaqədar yeni qanun layihəsini parlamentə təqdim etmişdir.
Maliyyə naziri Əvəz Ələkbərov çıxış edərək demişdir ki, bu il üçün ümumi daxili məhsulun artımı 37,3 trilyon manat proqnozlaşdırılmışdır. Ötən altı ayda ÜDM-in həcmi (proqnozda nəzərdə tutulandan) 1 trilyon 200 milyard manat çox olacağı gözlənilir. Bu ilin 6 ayı ərzində dövlət büdcəsinə 516,4 milyard manata qədər əlavə vəsait daxil olmaqla proqnoza 106,4 faiz əməl edilmişdir. Həmin vəsaitin 220 milyard manatı Vergilər Nazirliyi və 80 milyard manatı Dövlət Gömrük Komitəsi tərəfindən, 201,4 milyard manatı qənaət hesabına və digər mənbələrdən köçürülmüşdür. Bu daxilolmalar bir sıra xərclərin də artırılmasına səbəb olacaqdır və bununla əlaqədar dövlət büdcəsinin mədaxil və xərclər hissəsində dəyişikliklərin edilməsi zəruridir. Büdcənin gəlir və xərclər hissəsində edilən dəyişikliklər büdcə kəsirinə təsir etməyəcək və rəqəm olduğu kimi 315 milyard manat qalacaqdır. Bu artım inflyasiyaya da səbəb olmayacaqdır.
Müzakirələr zamanı deputatlar dövlətimizin başçısının həyata keçirdiyi iqtisadi siyasəti alqışlamışlar.
Sonda 2004-cü ilin dövlət büdcəsinin gəlirləri 7 518 400,0 milyon manat, xərcləri isə 7 833 400,0 milyon manat məbləğində təsdiq edilmişdir.