MİLLİ MƏCLİS AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA İMZALANMIŞ BƏYANNAMƏ VƏ SAZİŞLƏRİ TƏSDİQ ETMİŞDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov demişdir ki, dövlətimizin başçısı İlham Əliyevin bu ilin aprel ayında Türkiyəyə səfəri zamanı imzalanmış Bəyannamə ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu sənədə əsasən hər iki ölkə bir sıra məsələlərin beynəlxalq təşkilatlardakı müzakirəsi zamanı, eləcə də digər problemlərin həllində eyni mövqedən çıxış edəcəklər.
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov hər iki ölkənin hökumətləri arasında bu ilin aprel ayında imzalanmış sazişlər barədə məlumat vermişdir. Müzakirələr zamanı qeyd olunmuşdur ki, həmin sənədlər ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafına, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsinə səbəb olacaqdır.
Sonra deputatlar “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Poçt rabitəsi haqqında” qanun layihələrini üçüncü oxunuşda qəbul etmişlər.