MİLLİ MƏCLİS BİR SIRA SAZİŞ VƏ QANUNLARI TƏSDİQ ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda Azərbaycanla “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı, Almaniya Hökuməti, Özbəkistan, eləcə də GUÖAM-ın və MDB-nin üzvü olan dövlətlər arasında imzalanmış sazişlər, bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri müzakirə olunmuşdur.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, Azərbaycanın “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının “Sazişləri”nə qoşulması milli maraqlarımıza tam cavab verir. Belə ki, ölkəmizin informasiya blokadası riski azalır, milli maraqlarımız, müdafiə və təhlükəsizlik, yerin təkinin öyrənilməsi, geodeziya üzrə “İntersputnik”in gələcək layihələrinə qoşulmaq, eləcə də əlverişli şərtlərlə rabitə peyklərindən istifadə etməklə dünyanın böyük əhatəli regionuna radio və televiziya verilişlərinin yayımlama imkanları artır.
Azərbaycan Respublikası bu təşkilata illik 30 000 (otuz min) ABŞ dolları məbləğində üzvlük haqqı ödəyəcəkdir.
“Sazişlər”, “İntersputnik” təşkilatının yaradılması haqqında Əsas saziş, bu sazişə dəyişikliklər edilməsi haqqında protokol, istismar müqaviləsi və təşkilatın hüquq və imtiyazları haqqında Sazişdən ibarətdir.
Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında Regional əməkdaşlıq çərçivəsində Maliyyə Əməkdaşlığı haqqında imzalanmış Sazişə əsasən Almaniya ölkəmizə “Vərəmə qarşı mübarizə üzrə regional proqram” layihəsi çərçivəsində 3 milyon avro məbləğində qrant verəcəkdir.
GUÖAM dövlətləri arasında fövqəladə halların qarşısının alınması, terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli cinayətlərin qarşısının alınması, gömrük işlərində qarşılıqlı yardımla bağlı imzalanmış Sazişlər barəsində Milli Məclis sədrinin müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov məlumat vermişdir. O qeyd etmişdir ki, imzalanmış sənədlər quruma üzv ölkələrin inkişafında, terrorizmin və digər cinayətlərin qarşısının alınmasında mühüm rol oynayacaqdır.
Sonra digər layihələr müzakirə olunaraq təsdiq edilmişdir.