MİLLİ MƏCLİS DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDDƏ TƏQSİRLƏNDİRİLƏN DEPUTATIN TOXUNULMAZLIĞINA XİTAM VERMİŞDİR
Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov çıxışında demişdir ki, aparılan istintaqla “Azərikimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov külli miqdarda maliyyə vəsaitini talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilərək, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışda olan Rəsul Quliyev, eləcə də onun havadarları ilə əlbir olaraq, ölkədə konstitusion dövləti zor gücünə devirmək cəhdi həmin cinayətdə iştirak etmiş şahidlərin ifadələri, maddi sübutlar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Fikrət Sadıqovun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 28, 220.1 və 278-ci maddələrinin əlamətləri olduğu üçün o, həbs edilməlidir. Lakin F.Sadıqov Milli Məclisin deputatı olduğundan Konstitusiyanın 90-cı maddəsi və “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən deputat toxunulmazlığına malikdir. Ona görə də, baş prokuror Konstitusiyanın 90-cı maddəsini və “Prokurorluq haqqında” Qanunun 12-ci maddəsini rəhbər tutaraq, Fikrət Sadıqovu cinayət məsuliyyətinə cəlb etmək üçün onun deputat toxunulmazlığına xitam verilməsini Milli Məclisdən xahiş etmişdir.
Milli Məclisin intizam komissiyasının sədri Kərim Kərimov bildirmişdir ki, baş prokurorun məktubu komissiyanın oktyabrın 27-də keçirilmiş iclasında müzakirə olunmuş və deputat F.Sadıqovun toxunulmazlığına xitam verilməsi məqsədəuyğun sayılmışdır.
Müzakirələrdə Milli Məclisin deputatları seçildikləri dairələrin əhalisinin Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları tam dəstəklədiklərini bəyan etmiş, hakimiyyəti qanunsuz yolla ələ keçirməyə cəhd göstərmiş şəxslərin, onların havadarlarının tezliklə tutularaq, ədalət mühakiməsi qarşısında cavab vermələri istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini hüquq-mühafizə orqanlarından tələb etmişlər.
Sonda 87 səs lehinə olmaqla, Fikrət Sadıqovun deputat toxunulmazlığına xitam verilmişdir.
Sonra deputatlar gündəlikdəki ikinci məsələyə münasibət bildirərək “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişiklik etmişlər. İclasda noyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlıq və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilərək, Bəyanat qəbul olunmuşdur (Bəyanatın mətni qəzetin bugünkü nömrəsində dərc edilmişdir).