MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Parlamentin sədri əvvəlcə “Salam-98” gəmisinin Qırmızı dənizdə qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə, Misir hökumətinə və parlamentinə başsağlığı vermiş, sonra ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışmış və bu əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. Milli Məclisin sədri parlamentlərarası əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin, hökumətlərarası müştərək komissiyanın işinin intensivliyinin artırılmasının vacibliyindən, Qahirədə keçirilmiş Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışmış, bu ilin ortalarında isə Bakıda Misir Mədəniyyət günlərinin keçiriləcəyini diqqətə çatdırmışdır.
Yusif Əhməd İbrahim Əl-Şarkavi səmimi qəbul və başsağlığına görə minnətdarlığını bildirmiş, öz növbəsində Rusiya Federasiyasında fevralın 23-də baş vermiş qəza nəticəsində həlak olmuş azərbaycanlıların ailələrinə başsağlığı vermişdir.
Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu yüksək qiymətləndirən səfir, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Misirə tarixi səfərinin əlaqələrimizin inkişafında yeni mərhələ açdığını bildirmişdir. Diplomat ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmış, qarşılıqlı səfərlərin əhəmiyyətindən danışmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.