Milli Məclisdə “Lider olmaq istəyirəm” layihəsinin qalibləri ilə görüş keçirilmişdir
Bakı, 31 yanvar (AZƏRTAC, Aidə Quluzadə). Gəncə Regional Qadın Mərkəzinin Gəncə şəhərində, Şəmkir və Daşkəsən rayonlarında məktəbli qızlar üçün reallaşdırdığı “Lider olmaq istəyirəm” layihəsinin qalibləri ilə yanvarın 31-də Milli Məclisdə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova layihənin regionlarda yaşayan gənc qızların liderlik bacarıqlarının üzə çıxarılmasında, onların şəxsiyyət kimi formalaşmasında, gələcəkdə ictimai-siyasi həyatda fəallıq göstərmələrində oynadığı rolu yüksək qiymətləndirmişdir. Ölkəmizin tarixində hər zaman bacarıqlı lider qadınların olduğunu deyən Bahar Muradova bu gün müstəqil, demokratik, dünya birliyinin layiqli üzvü, sürətlə inkişaf edən, dayanıqlı iqtisadiyyata malik
Azərbaycanda savadlı, istedadlı vətəndaşların yetişdirilməsinin əhəmiyyətindən danışmışdır. O, cəmiyyətdə xüsusilə qadınların ölkəmizin ictimai-siyasi həyatının fəal üzvləri kimi formalaşdırılmasının önəmini vurğulamışdır.
Layihənin təşkilatçısı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Məleykə Əlizadə layihə haqqında məlumat vermişdir. Bildirilmişdir ki, əsas məqsəd gənc qızlarda liderlik bacarıqlarının formalaşdırılması, onların ictimai-siyasi həyatda fəal iştiraka təşviq edilməsidir. Üç mərhələdən ibarət olan layihədə 45 gənc qız iştirak etmiş, onların arasında 7 fəal gənc lider seçilmişdir.
Sonra gənc qızlar özləri haqda məlumat vermiş, gələcək planlarından danışmışlar.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlar Elmira Axundova və Gülçöhrə Məmmədova, parlament Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova görüşdə gənc qızların suallarını cavablandırmış, onlara tövsiyələrini vermişlər.