MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNAN SİYASİ PARTİYALARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə, əsasən, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi müzakirə olunmuşdur.
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Yurddaş Partiyasının sədri Mais Səfərli, Kommunist Partiyasının nümayəndəsi Rauf Qurbanov çıxışlarında Avropa Şurası ilə əməkdaşlığın inkişafında və dərinləşməsində maraqlı olduqlarını vurğuladılar. Bildirildi ki, əməkdaşlıq hər iki tərəfin üzərinə məsuliyyət qoyur. Əgər Azərbaycandan öz öhdəliklərini yerinə yetirmək tələb olunursa, Avropa Şurası da üzvlərinin mənafeyini qorumağa borcludur. Avropa Şurasının bir üzvü, Ermənistan, başqa bir üzvün, Azərbaycanın torpaqlarını işgal edib, ancaq təcavüzkara qarşı heç bir sanksiya tətbiq olunmur. Digər tərəfdən, həm təcavüzkarın, həm də təcavüzə məruz qalanın üzərinə eyni öhdəlik qoyulur. Xüsusilə, münaqişənin həlli ilə bağlı öhdəlikdə aksent dəyişməlidir. Ermənistandan açıq şəkildə tələb olunmalıdır ki, işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çıxarsın. Münaqişənin mövcudluğu Cənubi Qafqaz üçün təhlükə, regionun iqtisadi inkişafı üçün maneədir. Avropa Şurası bu problem barədə öz qəti mövqeyini bildirməlidir.
Siyasi partiyaların rəhbərləri bəyan etdilər ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmayınca, bu ölkə ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Onlar təklif etdilər ki, Avropa Şurasında münaqişələrin həlli ilə məşğul olan komissiya yaradılsın, AŞ-nin üzvü olan ölkələrin parlamentlərində qurumun nümayəndəsi fəaliyyət göstərsin.
Cənab Bruno Haller AŞPA-nın ictimai debatlarla məşğul olan yeganə qurum olduğunu vurğuladıqdan sonra dedi ki, Qarabağ məsələsinin Azərbaycan üçün ağrılı olduğunu, xalqın səbrinin tükəndiyini yaxşı başa düşür. Ancaq müharibənin təzədən başlanması yeni qurbanlar, şəhid qəbiristanlıqlarında yeni məzarlar deməkdir. Ona görə də hər iki ölkə qarşısında qoyulmuş öhdəliklərdə tələb olunur ki, münaqişənın həllində sülh yoluna üstünlük versinlər. Baş katib söz verdi ki, siyasi partiyaların rəhbərlərinin fikirlərini, təkliflərini AŞPA-nın əlaqədar rəsmilərinə çatdıracaqdır. O, həmçinin əminliyini bildirdi ki, münaqişə barədə AŞPA-nın məruzəsi ədalətli olacaqdır.