Milli Məclisin deputatı: Mənzil insanlara ahıl yaşlarda müstəqilliyi qorumağa kömək etməlidir
Bakı, 20 may, AZƏRTAC
WUF13-də keçirilən “The Rights of Older Persons” mövzusunda dəyirmi masada Azərbaycan Milli Məclisinin üzvü Nigar Məmmədova vurğulayıb ki, müasir mənzil siyasəti həyatın bütün mərhələlərində insanların ehtiyaclarını nəzərə almalıdır.
AZƏRTAC xəbər verir ki, deputat çıxışında şəhərlərin demoqrafik dəyişikliklər və ahıl insanların sayının artması nəzərə alınmaqla layihələşdirilməli olduğuna diqqət çəkib.
Onun fikrincə, əlverişli və uyğunlaşdırılmış mənzillərin olmaması yaşlı nəsil insanların sağlamlığına, hərəkətliliyinə və sosial inteqrasiyasına birbaşa təsir göstərə bilər. Memarlıq maneələri, yüksək kirayə xərcləri və sosial xidmətlərin yetərsizliyi çox vaxt yaşlı vətəndaşların təcrid olunmasına səbəb olur.
Milli Məclisin üzvü istənilən yaş və hərəkətlilik səviyyəsində olan insanlar üçün rahat mühit yaratmağa imkan verən universal dizayn prinsiplərinin tətbiqinin zəruriliyinə ayrıca diqqət yetirib. Onun fikrincə, bu cür həllərə investisiya qoyuluşu gələcəkdə səhiyyə və sosial dəstək sistemlərinə yükü azaltmağa kömək edəcək.
Deputat, həmçinin dünyanın müxtəlif şəhərlərini şəhərsalma və mənzil siyasəti ilə bağlı qərar qəbuletmə proseslərində ahıl insanları daha fəal şəkildə cəlb etməyə çağırıb.
Nigar Məmmədova ölkəmizdə ən aktual problemlərin həlli üçün görülən əhəmiyyətli işlər, eləcə də dövlətin bu istiqamətdə nailiyyətləri barədə danışıb.