MİLLİ MƏCLİSİN İCLASINDA
Sonra “Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələrinə baxılmışdır. Bildirilmişdir ki, 2006-cı il mayın 11-də Bakıda imzalanmış bu sənədlər Azərbaycanın milli maraqlarına xidmət edir və iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına, iqtisadi-ticarət dövriyyəsinin artmasına mühüm təsir göstərəcəkdir.
Gündəlikdəki digər məsələ, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdir ki, qanunun tətbiqi ilə əlaqədar 25 qanuna əlavə və dəyişikliklər ediləcəkdir. Həmin əlavə və dəyişikliklər qanunların daha da təkmilləşdirilməsinə və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir. Bundan başqa “İnformasiya əldə etmək haqqında” qanunun tələbinə müvafiq olaraq, ölkədə informasiya məsələləri üzrə müvəkkili təsisatı yaradılacaqdır. Milli Məclis tərəfindən üç namizəd arasından seçiləcək müvəkkilin əsas məqsədi məhz qanunun icrasına nəzarət etməkdir. Müvəkkil hər il Milli Məclisə hesabat təqdim edəcəkdir.
Daha sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” layihəyə baxılmış, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilmişdir. Qanuna edilən əlavələrdə və dəyişikliklərdə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının məbləğinin, eləcə də hərbi qulluqçulara verilən sığorta haqlarının həcminin artırılması nəzərdə tutulur.
Milli Məclisin iclası günün ikinci yarısında davam etmişdir. Deputatlar əvvəlcə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsini müzakirə etmişlər. Bildirilmişdir ki, bu qanunun tətbiqi ilə əlaqədar “Hərbi qulluqçuların statusu haqqında”, “Müdafiə haqqında”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və s. qanunvericilik aktlarına bir sıra əsaslı və redaktə xarakterli dəyişikliklər edilir. Əsas dəyişikliklərdə deyilir ki, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olduqları məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Deputatlar dəyişiklikləri müsbət qiymətləndirmişlər.
Sonra Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına və Cinayət Məcəlləsinə bəzi əlavələr edilmişdir. Günün sonunda “Bağ təsərrüfatı haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmişdir. Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, bu qanun respublikada bağ təsərrüfatının təşkili, yaradılması və istifadəsinin hüquqi, təşkilati və texniki əsaslarını müəyyən edəcək, bu sahədəki münasibətləri tənzimləyəcəkdir. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyulmuş və birinci oxunuşda qəbul olunmuşdur.