MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ MDB PARLAMENTLƏRARASI FORUMUNDA İŞTİRAK ETMİŞDİR
Sonra Ukrayna Prezidenti Viktor Yuşşenkonun milli parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü olmuşdur. Görüşdə Valeh Ələsgərov da iştirak etmişdir.
V.Yuşşenko nümayəndələrin Ukraynada olduqları müddətdə əldə edilmiş razılaşmalarla maraqlanmışdır. O, MDB dövlətlərinin ötən ilin avqustunda Kazanda keçirilmiş zirvə toplantısında Ukrayna tərəfinin irəli sürdüyü təşəbbüslərə baxılmasını sürətləndirməyin vacibliyini vurğulamışdır. Onun fikrincə, bu məsələnin həlli həm Birlik çərçivəsində, həm də ikitərəfli münasibətlər baxımından iqtisadi və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.
Həmin gün MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilmişdir. Arif Rəhimzadə texnogen xarakterli fəlakətlərin xəbərdarlığının qanunvericilik yolu ilə təmin olunması və Çernobıl AES-də qəzadan zərər çəkmiş insanların sosial müdafiəsi haqqında çıxış etmişdir. Azərbaycan deputatı demokratiyanın inkişafı, parlamentarizimin möhkəmləndirilməsi və vətəndaşların seçki hüquqlarına əməl olunması üzrə beynəlxalq monitorinq təsisatı haqqında da məruzə etmişdir.
MDB Parlamentlərarası Assambleyası Şurasının qərarı ilə Milli Məclisin sədri Oqtay Əsədov “Birlik” ordeni ilə təltif olunmuşdur. Digər qərara əsasən, Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri təsdiq edilmişdir. Hər iki qərar iclasın iştirakçıları tərəfindən yekdilliklə qəbul olunmuşdur.
Forumun yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
Demək lazımdır ki, Azərbaycan nümayəndə heyəti böyük maraq doğurmuşdur. Buna Valeh Ələsgərovun Ukrayna və xarici KİV nümayəndələrinə çoxsaylı müsahibələri sübutdur.
V.Ələsgərov müsahibələrində forumun səmərəli işləməsi üçün əlverişli şərait yaradıldığına görə Ukrayna tərəfinə təşəkkür etmiş, onun yekunlarından razı qaldığını bildirərək demişdir ki, Azərbaycan nümayəndə heyətinin bütün təklif və düzəlişləri iştirakçılar tərəfindən qəbul olunmuşdur.