MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI ÖZ İŞİNİ BAŞA VURMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclas başlamazdan əvvəl deputatlar yanvarın 16-da dünyasını dəyişmiş deputat, BDU-nun professoru Şamil Qurbanovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra “Banklar haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmuşdur. Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov layihə barədə məlumat verdi.
Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov dedi ki, qanunun qəbulu ölkədə pul-kredit siyasətinin, iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən islahatların sürətləndirilməsində mühüm rol oynayacaqdır. Qanun səs çoxluğu ilə qəbul olundu. Sonra “Elektron imza və elektron sənəd haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı və qəbul edildi.
İclasa Milli Məclisin sədri Murtuz Ələsgərov yekun vurdu. O dedi ki, Milli Məclisin payız sessiyası dövründə xalqımıza ağır kədər üz vermişdir. Xalqımız ən layiqli oğlunu, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz, müstəqil Azərbaycanımızın qurucusu və memarı Prezident Heydər Əliyevi itirdi. Biz bu gün də həmin ağrını yaşayırıq. Möhtərəm Prezidentimiz hər bir vətəndaşın qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Qədirbilən xalqımız Heydər Əliyevə olan sevgi və inamını heç bir vaxt itirməyəcək. Xalq bu inamı ötən il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev məktəbinin layiqli yetirməsi, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevi Prezident seçməklə sübut etmişdir. Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Sonra Prezident Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Məclisin fəaliyyəti barədə hesabatında Murtuz Ələsgərov dedi ki, payız sessiyası dövründə parlamentin 27 iclası keçirilmişdir. Nəzərdə tutulmuş iş planına uyğun olaraq 94 qanun qəbul olunmuş, bir neçə qanun layihəsi isə birinci və ikinci oxunuşdan keçmişdir. Milli Məclis, həmçinin Azərbaycanın qoşulmaq istədiyi çoxlu beynəlxalq saziş, müqavilə, konvensiya və protokolu təsdiq etmişdir.
Deputatlar Avropa Şurasının Parlament Assambleyasında, ATƏT, MDB və digər beynəlxalq qurumların iclaslarında iştirak etmiş, Azərbaycanın mövqeyini bildirmişlər.
Eyni zamanda bir neçə xarici qonaq Milli Məclisdə yüksək səviyyədə qəbul olunmuş, onlara ölkəmizin iqtisadi, siyasi vəziyyəti barədə ətraflı məlumatlar verilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Milli Məclis payız sessiyasında öz işini yekunlaşdırmışdır.