MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR DAİMİ KOMİSSİYASININ İCLASINDA
Komissiyanın sədri Arif Rəhimzadə ikinci çağırış Milli Məclisin və onun daimi komissiyalarının işini yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi qurumun qarşıdakı 5 il ərzində məhsuldar işləyəcəyini, bələdiyyələrin fəaliyyətini gücləndirmək məqsədi ilə vacib qanunların qəbul ediləcəyini bildirmişdir.
Sonra gündəlikdəki məsələlərə baxılmış, əvvəlcə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini Müseyib Bayramov demişdir ki, “Banklar haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Auditor xidməti haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyə əsasları haqqında” qanunlara, Gömrük Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi təklif olunur.
Sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”, “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə baxılmış və hər üç layihənin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən veto qoyulduğu üçün “Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirədən çıxarılmışdır.