Milli Məclisin sədri Moskvada Avrasiya ölkələri parlament sədrlərinin birinci iclasında iştirak edəcək
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 18-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avrasiya ölkələri parlament sədrlərinin birinci iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Tədbirdə XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın bu günü və inkişaf perspektivləri müzakirə ediləcək. Milli Məclisin sədri iclasda bu mövzuda çıxış edərək məsələyə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.
Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əməkdaşlıq, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin aradan qaldırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Parlament sədrlərinin görüşünün sonunda Yekun Bəyannamə imzalanacaq.
Səfər aprelin 20-də başa çatacaq.