MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATMIŞDIR
Əvvəlcə iclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişikliklər və əlavələr edilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dəyişikliklərdə, Milli Məclis üzvlərinə deputat səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergidən azad olunan pul təminatı alması, məzuniyyət haqlarının verilməsi (müalicə və məzuniyyət üçün iki aylıq vəzifə maaşı məbləğində), icbari sığortaların məbləği, pensiya təminatı və digər müddəalar öz əksini tapmışdır.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov hesabat məruzəsi ilə çıxış etmişdir. Parlamentin rəhbəri demişdir ki, yaz sessiyasında Milli Məclis ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə dəstək vermiş, ölkəmizin ardıcıl inkişafı üçün mükəmməl hüquqi baza yaratmışdır. 2004-cü ilin yaz və növbədənkənar sessiyasında Milli Məclisin 33 iclası keçirilmiş, iş planında nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən 127 qanun və qərar ətraflı müzakirələrdən sonra qəbul edilmiş, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Eləcə də, bir sıra mühüm beynəlxalq sazişlər parlamentdə təsdiq olunmuşdur. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini yerinə yetirərək ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların, demokratikləşmə prosesinin hüquqi bazasını daha da möhkəmləndirmiş və təkmilləşdirmişdir.
Parlament, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görmüşdür. Bir sıra qarşılıqlı səfərlər beynəlxalq əməkdaşlığımızın inkişafında xüsusi rol oynamışdır.
Hesabat dinlənildikdən sonra sessiya öz işini dövlət himninin səsləndirilməsi ilə başa çatdırmışdır.