Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib
Bakı, 17 mart, AZƏRTAC
Milli Olimpiya Komitəsində (MOK) Olimpiya idman növləri üzrə federasiyalar üçün sosial media və marketinq ilə bağlı seminar keçirilib.
MOK-dan AZƏRTAC-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb. O, “Paris-2024 Olimpiadası, hədəf və nəticələr” barədə çıxış edərək, son Olimpiya Oyunlarında MOK-un sosial media fəaliyyəti, qarşıdan gələn Avropa Gənclər Yay və Qış Olimpiya festivalları, VI İslam Həmrəyliyi Oyunları və “Los-Anceles-2028” Yay Olimpiya Oyunları barədə də məlumat verib.
Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev “MOK-un kütləvi media layihələri” barədə danışıb. Bildirib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir. O qeyd edib ki, MOK-un informasiya strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı, federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir. Murad Fərzəliyev, həmçinin MOK-un təsis etdiyi “Olimpiya dünyası” qəzeti, “Olimpə doğru” jurnalı, “Olimpiyadunyasi.com” onlayn gündəlik qəzeti, “olimpnews.az” saytı və MOK-un rəsmi veb-saytı olan “olympic.az” haqqında ümumi məlumat verib.
Seminar çıxışlardan sonra sual-cavab mərhələsi ilə davam edib.