Milli Qəhrəmanın oğlu: Atamın şəhid olduğu torpaqların azad olunması ən böyük təsəllimizdir
Bakı, 1 sentyabr, AZƏRTAC
Atam şəhid olanda mənim 9 yaşım var idi. Bu barədə danışmaq mənim üçün həm olduqca çətindir, həm də böyük fəxarət hissidir. Atanı Vətən və torpaq uğrunda şəhid vermək ağır bir itki olsa da, onun Azərbaycanın Milli Qəhrəmanı kimi uca bir ada layiq görülməsi böyük qürur mənbəyidir. Bu qürurla yanaşı, belə bir qəhrəmanın övladı olmaq insana ömür boyu daşıdığı böyük məsuliyyət də bəxş edir.
Bunu Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kazımağa Kərimovun oğlu Rəşad Kərimov AZƏRTAC-a müsahibəsində deyib.
Atası haqqında danışan Rəşad onun evdə çox mehriban olduğunu bildirib: “Amma sözünün üstündə duran, prinsipial insan idi. Eyni yaşda olan insanlar arasında ağsaqqal kimi qəbul olunurdu. Hamı ona böyük hörmətlə yanaşırdı. Kimin hansısa problemi olanda deyirdilər ki, Kazımağanın yanına gedək, ondan məsləhət alaq. Atam belə bir insan olub”.
R.Kərimov atasının müharibə başlayanda jurnalist fəaliyyətini dayandıraraq silaha sarıldığını vurğulayıb: “Bəziləri elə düşünür ki, atam jurnalist kimi şəhid olub. Bu, belə deyil. Atam qələmini silahla əvəz edib və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1988-ci ildən, ermənilərin Azərbaycana qarşı təxribatlarının başladığı ilk dövrlərdən atam mübarizənin içində idi. Əvvəlcə özünümüdafiə batalyonlarında döyüşüb, sonradan batalyon komandiri olub”, – deyə o qeyd edib.
Milli Qəhrəmanın oğlu atasını sonuncu dəfə yola saldığı günü də xatırlayıb: “Yadımdadır ki, sonuncu dəfə gedəndə mənə “qayıdacağam” demişdi. Bir neçə ay idi ki, onu görmürdük. Dediyi sözü bu dəfə də tutdu, amma şəhid kimi qayıtdı”.
O, atasının son döyüşdə ağır yaralanmasına baxmayaraq, tapşırığı sona çatdırdığını da vurğulayıb. Onun sözlərinə görə, Kazımağa Kərimov üçün əsas olan üzərinə götürdüyü vəzifəni sonadək yerinə yetirmək idi: “Bu gün atamın şəhid olduğu torpaqların azad olunmasını görmək bizim üçün böyük qürurdur. Onun və bütün şəhidlərimizin ruhu qarşısında ən böyük təsəlli Vətənin bütövlüyünün bərpa olunmasıdır”.
Milli Qəhrəmanın qardaşı nəvəsi Xədicə Səlimli onun haqqında məlumatları ailə üzvlərindən öyrəndiyini deyib: “Təəssüf ki, belə bir insanı görmək mənə nəsib olmayıb. Hər zaman anamdan, xalamdan və ailəmin digər üzvlərindən onun haqqında məlumatlar toplayıram. Kazımağa Kərimovun həyatını və döyüş yolunu öyrəndikcə belə bir babam olduğu üçün daha çox qürur duyuram. Babam yaralı olduğu halda geri qayıtmayıb. Əsgər yoldaşlarını əvvəl göndərib, özü isə onların ardınca gedib. Çox heyif ki, onun həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə onun Vətən qarşısındakı məsuliyyətini və döyüş tapşırığına sədaqətini göstərir. Həyatı ilə bizə örnək olan K.Kərimov yaşasaydi, düşünürəm ki, ondan çox şey öyrənə bilərdik. Kazımağa babamın xatirəsinə ehtiram göstərən hər kəsə təşəkkür edirəm. Onun xatirəsinə göstərilən hər bir diqqət bizim üçün çox qiymətlidir”.