Milli üzvü: Azərbaycanda həndbolu inkişaf etdirmək üçün yaxşı məktəb olmalıdır - MÜSAHİBƏ
Bakı, 6 dekabr, AZƏRTAC
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin və “Kür” klubunun oyunçusu Səkinə Musayeva AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Qadın həndbolçular arasında Azərbaycan çempionatı davam edir. Cari mövsümlə bağlı təəssüratlarınız necədir?
- Ölkə çempionatında əsas mübarizə “Azəryol”, “Kür” və “Qarabağ” komandaları arasında gedir. Digər klubların heyətindəki oyunçular əsasən gənclərdir. Heç bir kollektiv meydana məğlub olmaq üçün çıxmır. Bizə gəlincə, məqsədimiz birinci yeri tutmaqdır. Bu hədəf uğrunda mübarizə aparırıq.
- Təcrübəli həndbolçu kimi, ölkədə bu idman növünün hazırkı durumu barədə nə deyə bilərsiniz?
- Federasiya həndbolu inkişaf etdirmək üçün çalışır. Bu yaxınlarda 16 yaşadək oğlanlardan ibarət milli komandamız beynəlxalq turnirə qatılacaq. Son illər Azərbaycanda bu idman növünə maraq artıb. Səbəb isə yığma və klub səviyyəsində çoxlu oyun keçirməyimizdir.
- Sizcə, həndbolu daha yaxşı səviyyəyə çatdırmaq üçün nələr etmək lazımdır?
- Əvvəlcə yaxşı həndbol məktəbi olmalıdır. Hər şey buradan başlayır. Daha sonra isə uşaqlarda bu idman növünə marağı artırmaq lazımdır. Həmçinin daha çox oyun keçirilməlidir. Bu, inkişafa təkan verən əsas amillərdən biridir.
- Ölkə çempionatında kişi və qadın komandalarının sayı azdır. Bu amil liqanın keyfiyyətinə necə təsir edir?
- Təbii ki, komanda sayı çox olsaydı, daha yaxşı olardı. Bunun üçün müəyyən qədər vaxt lazımdır. Həndbol məktəbi açaraq bunun təməlini qoysaq, inkişafın davamı gələcək.
- Azərbaycanın qadın həndbolçularının xarici klublarda çıxış etməməsi nə ilə bağlıdır?
- Bacım Mədinə Musayevə ötən il Kiprdə çıxış edirdi. Bu yay mənə də Türkiyə komandalarının birindən təklif gəlmişdi. Lakin şəxsi məsələlərə görə gedə bilmədim. Azərbaycanda qadın voleybolunda, futbolunda menecerlər var, həndbolda isə yoxdur. Bu da bizim Avropaya çıxmağımıza çətinlik yaradır. Bacım əcnəbi menecer vasitəsilə Kiprə getmişdi. 16 yaşım olarkən Çexiyadakı beynəlxalq turnirdə ən yaxşı həndbolçu seçilmişdim. Həmin vaxt yerli klublardan mənə təklif gəlmişdi. Təəssüf ki, keçidim baş tutmamışdı.
- Sizcə, Azərbaycan həndbolunda yenidən Rəfiqə Şabanova, Lyudmila Şubina kimi oyunçular yetişə bilərmi?
- Hər oyunçunun öz oyun üslubu olub. Bu cür həndbolçular ölkəmizdə var idi, lakin indi karyeralarını bitiriblər. Məsələn, Vəfa Məmmədova, Səbinə Babayeva, Sultan Tağıyeva və Sakinat Abbasovanın adlarını çəkə bilərəm. İndiki nəsildən isə Kamilə Bayramova seçilənlər arasındadır.