Milli Xalça Muzeyində “Novruz naxışları” adlı sərgi açılıb
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru Şirin Məlikova açaraq uzun müddətdən sonra karantin qaydalarına uyğun olaraq təşkil edilən sərgidə Xalq rəssamının Novruz adət-ənənələrini özündə əks etdirən 30-dan çox əsərinin nümayiş olunduğunu qeyd edib.
Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova bildirib ki, xalqımızın əsas bayramlarından olan Novruz bayramı Xalq rəssamının yaradıcılığında əsas mövzulardan birini təşkil edir. Onun yaradıcılığına bələd olanlar bilirlər ki, o, milli üslubda olan mövzuları sənətsevərlərə özünəməxsus, düşündürücü tərzdə çatdırır. Bu əsərlərdə millilik, baharın gəlişi, təbiətin oyanışının təsviri ilə yanaşı, həm də miniatür sənətimizin tarixini, kompozisiyalara fərqli yanaşmaları görürük. Bu əsərlərdə bir-birindən maraqlı süjetlər elə harmonik şəkildə əlaqələndirilir ki, burada ustalıq ön plana çıxır. Şöbə müdiri çıxışının sonunda Mədəniyyət Nazirliyi adından bahar əhvallı sərginin təşkilinə görə təşəkkürümü bildirdi, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Arif Hüseynovun yaradıcılığının xüsusiyyətlərindən danışaraq rəssamı təbrik ediblər.
Vurğulanıb ki, sərgidə rəssamın Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən, xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, əyləncəli, poetik tabloları nümayiş olunur. Görkəmli qrafik Arif Hüseynovun ənənə və müasirliyin harmonik birliyi əsasında işlənmiş “Novruz”, “Novruz çiçəkləri”, “Novruz nağılları” silsilə əsərlərində miniatür üslubun modern tərzdə interpretasiyası yüksək sənətkarlıq keyfiyyətləri ilə səciyyələnir.
Sonda çıxış edən Arif Hüseynov sərginin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, aprelin 16-dək sərgidə müxtəlif ustad dərslər, rəssamla görüş və digər tədbirlər təşkil olunacaq.