İDMAN
Millinin futbolçusu: Hələ oyundan öncə planlaşdırmışdım ki, qol sevincim şəhidlərlə bağlı olacaq

Bakı, 28 sentyabr, AZƏRTAC
Həm klubda, həm də yaşadığım şəhərdə mənə qarşı münasibət çox yaxşıdır. Üç aydan artıqdır komanda ilə birlikdəyəm. Demək olar ki, tam uyğunlaşmışam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Albaniyanın "Eqnatiya" klubunun futbolçusu Vüsal İsgəndərli deyib.
Albaniya çempionatının son turunun “Vlajniya” ilə oyununda (2:0) vurduğu qoldan sonra əsgər salamı verən 28 yaşlı yarımmüdafiəçi bunu hələ matçdan öncə planlaşdırdığını bildirib: “Düşüncəmi reallaşdırdım. Son günlər Qarabağda baş verən məsələlər hər kəsə bəllidir. Allah əsgərlərimizi, dövlətimizi qorusun. Oyundan sonra komanda yoldaşlarım əsgər salamı verməyimin səbəbini soruşdu. Mən də onları Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırdım, həmçinin 27 sentyabrın ölkəmizdə Anım Günü olduğunu bildirdim”.
“Vlajniya” üzərində qələbədən sonra xallarını 13-ə çatdıran “Eqnatiya” klubu turnir cədvəlinə başçılıq edir. V. İsgəndərli bu mövsüm qızıl medallar uğrunda mübarizə apardıqlarını vurğulayıb: “Əsas hədəfimiz çempionluqdur. Bilirik, asan olmayacaq. Amma sonadək mübarizə aparacağıq”.
Daha əvvəl Türkiyədə “Keçiörengücü” komandasında da legioner həyatı yaşamış futbolçunun sözlərinə görə, qardaş ölkə çempionatında oynamaq daha rahat idi: “Çünki Türkiyə çempionatının oyunlarını çox izləmişdim. Eyni zamanda, dil problemim yox idi. Amma Albaniyada vəziyyət bir az fərqlidir. Çempionatda qarşılaşdığımız rəqib komandaların oyunçularını tanımırdım. Ona görə müəyyən çətinliklər oldu”.