Millinin qapıçısı: Qazaxıstanla sabahkı oyunun nəticəsi çox vacibdir
Bakı, 10 oktyabr, AZƏRTAC
“Qazaxıstanla sabahkı oyunun nəticəsi gələcəkdə qrupdan çıxmaq üçün çox vacibdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit raund mərhələsində Astanada Qazaxıstan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
32 yaşlı qolkiper bildirib ki, bu matçda qazanılacaq mümkün xallar komandanı ən pis halda pley-off mərhələsinə yüksəldə bilər: “Buna görə də lazımi nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qrupdan çıxmağımız təkcə bizdən asılı deyil. Burada digər matçlar da həlledici olacaq. Digər komandaların qazanacağı xallar, top fərqi pley-off mərhələsinə vəsiqə qazanmaqda böyük rol oynayacaq”.
R. Hüseynli Bakıda Qazaxıstan millisinə məğlubiyyətin yığmaya mənfi təsir etdiyini vurğulayıb: “İlk hissədə hesabda öndə idik və ümumən oyun istədiyimiz planda davam edirdi. Sadəcə, ikinci hissədə müəyyən boşluqlar verdik, konsentrasiya pozuldu və öz səhvimiz ucbatından qapımızda qollar gördük. Lakin komandanın ümumi durumu yaxşı səviyyədədir”.
O, hazırda ancaq qarşıdakı oyun barədə düşündüklərini diqqətə çatdırıb: “Hazırlıqlarımızı davam etdiririk. Bu gün son məşqimizə çıxacağıq. Lazım olan nəticəni qazanaraq, Azərbaycan futzal həvəskarlarını sevindirmək istəyirik”.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.