Mingəçevir Dövlət Universitetində rəsm-satış sərgisi açılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Pedaqogika və Psixologiya kafedrası tərəfindən təşkil olunan "İnklüziya" adlı rəsm-satış sərgisi keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgidə tələbələrin inklüziv cəmiyyət mövzusunda hazırladıqları əl işləri nümayiş etdirilib.
Universitetin rektor əvəzi, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov sərginin açılışında çıxış edərək, tələbələrin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. Tələbələrin əl işlərinin təkcə estetik dəyərə malik olmadığını, həmçinin cəmiyyət üçün dərin sosial mesajlar daşıdığını qeyd edən Ü.Zeynalov gənclərin inklüziya mövzusunu incəsənət vasitəsilə uğurla əks etdirdiklərini bildirib. Həmçinin bu kimi tədbirlərin tələbələrin şəxsi və sosial inkişafına mühüm təsir göstərdiyini diqqətə çatdırıb.
Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova sərginin təhsildə inklüziv dəyərlərin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb. S.Həsənova tələbələrin yaradıcılıq işlərinin sosial məsuliyyət hissini əks etdirdiyini və bu cür tədbirlərin onların cəmiyyətə daha yaxşı inteqrasiya olunmalarına dəstək verdiyini qeyd edib. Sektor müdiri belə layihələrin təhsil müəssisələrində daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayaraq tələbələrə uğurlar arzulayıb.
Pedaqogika və Psixologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fərəh Cəlil sərginin təşkil olunmasında əsas məqsədləri açıqlayaraq, tələbələrin inklüziya və sosial məsuliyyət mövzularında yüksək bacarıq nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu cür tədbirlər tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı, onların cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına da bilavasitə yardımçı olur.
İştirakçılar ianələr edərək inklüziya mövzusuna dəstək nümayiş etdiriblər.
Tədbir ağacəkmə aksiyası ilə yekunlaşıb.