REGİONLAR
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin IV modul təlimi keçirilib.
Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, təlim “Zoom” platforması üzərindən onlayn təşkil edilib. Tədbiri universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov açaraq təlimin mövzusu və təlimçi haqqında məlumat verib.
Təlimçi “Four Seasons Hotel Baku”nun İnsan resursları və mədəniyyət üzrə bölüm rəhbəri İdil Tumoz Eratay “Turizm və mehmanxana işinin təşkilində kadrların yetişdirilməsi və komanda işi mövzusunda çıxış edib. O, turizm sahəsində kadr hazırlığının müasir tələbləri, peşəkarlığın yüksəldilməsində dil biliklərinin inkişaf etdirilməsi ilə yanaşı, milli, tarixi və mədəni irsimizin öyrənilməsinin vacibliyi, komanda işinin effektiv təşkili və digər məsələlərdən bəhs edib, təmsil etdiyi otelin təcrübəsini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, sözügedən təlim birgə layihə çərçivəsində keçirilən sonuncu təlim idi. Dörd moduldan ibarət təlimlərdə Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri, mövzu ilə maraqlanan digər şəxslər iştirak ediblər. Bütün modullara qoşulmuş iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.
Son dövrdə Mingəçevir Dövlət Universiteti əmək bazarının müasir tələblərinə uyğun səviyyədə yüksəkixtisaslı kadr hazırlanması məqsədilə sənaye müəssisələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət göstərir və bu istiqamətdə çoxsaylı birgə layihələr reallaşdırır.